Xəbərlər

Müqavilə, sənəd, razılaşma Rusiya üçün formal xarakter daşıyır – ŞƏRH

Rusiya XİN Ukrayna ilə münaqişənin 2022-ci il İstanbul sənədi əsasında həll oluna biləcəyini bildirib.

“Rusiya Ukrayna savaşının dayanması üçün danışıqlar prosesinə qayıtmağa hazır olduğunu bildirib və elan edib ki, 2022-ci ildə növbəti dialoqdan imtina edəcəyini ilk elan edən Ukrayna tərəfi olub, bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski danışıqları qadağan edən sənədi imzalayıb.

Sözü gedən həmin sənəddə Ukrayna növbəti hücum halında müttəfiqlərinin onun müdafiəsinə qalxacağına, hava məkanını bağlayaraq və müqavilənin Ukraynanın “beynəlxalq səviyyədə tanınmış sərhədlərinə” şamil ediləcəyinə dair təhlükəsizlik zəmanəti istəyi razılaşdırılıb.

Ümumiyyətlə Rusiya və Ukrayna arasında indiyəcən mövcud olan bu kimi sənədlərin baş tutma ehtimalı olan razılaşmada o qədər də əhəmiyyəti yoxdur. Çünki Rusiya üçün sənəd, razılaşma, müqavilə kimi prinsiplər formal xarakter daşıyır və mərhum Şamil Basayevin dediyi kimi Rusiya ilə bağlanmış müqavilə su üstündəki yazı kimidir. Yəni, istədiyi vaxt onu poza yaxud nəzərə almaya bilər. İndiki halda sadəcə həmin sənədin xatırlanması onun mətnində olan prinsiplərə diqqət çəknək məqsədi daşıyır”.

Bunları Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan “İnformator.az”a Rusiya-Ukrayna münaqişəsi ilə bağlı danışıqların bərpası ehtimalını şərh edərkən deyib.

“Əslində Zelenskinin legitimliyi məsələsi də ciddi problem yaratmır, sadəcə onunla danışmamaq üçün bəhanə yaradır. Hazırda Suriyada seçilməmiş şəxs qanuni yolla prezident elan edilib. Zelenski də bənzər üsulda öz legitimliyini qoruya bilər. Faktiki olaraq bombalar altında keçiriləcək hər hansı seçkinin nəticələrini də Rusiya şübhə altına alaraq yenidən onu legitim saymaya bilər. Əsas odur ki, faktiki olaraq Ukrayna rəhbəri odur. Hüquqi cəhətdən də bu məqbuldur.

Rusiyanın irəli sürdüyü şərtlər təbii ki, birtərəfli maraqlara hesablanıb və Ukraynanın təhlükəsizlik məsələsinə o qədər də dəxli yoxdur. Əgər Rusiya və Ukrayna arasında hansısa razılaşma olacaqsa bu, beynəlxalq təşkilatların və qarant duran ölkələrin iştirakı ilə olmalıdır. Türkiyə və Azərbaycan burada iştirak edə bilər. Bu həm Rusiya üçün əlverişli olar həm də Ukrayna üçün. Çünki bu savaşda neytral mövqedə olanlar barışa daha çox töhfə verə bilər. Ukraynanın gələcək təhlükəsizliyinə bu qantiya əsasında üçüncü dövlətlərin təhlükə anında müdaxiləsinə yol verən sənəd təminat verə bilər. Əks halda Rusiya və Ukrayna arasında ikitərəfli imzalanan heç bir sənədə güvənmək olmaz və bununla da Ukraynanın tam təhlükəsizliyinə ümid etmək nisbidir” – başqan müavini əlavə edib.

Ekspert Ukraynanın gələcək təhlükəsizliyi üçün üçüncü dövlətlərin müdaxiləsinə yol verən bir sənəd imzalanmalı olduğunu bildirib:

“Əks halda, Rusiya və Ukrayna arasında ikitərəfli bağlanacaq heç bir razılaşmaya etibar etmək olmaz. Rusiyanın indi xatırlatdığı məlum sənəd Ukraynaya qarşı siyasi şantaj xarakteri daşıya bilər. Çünki o zaman Zelenski müharibəni qazanacağına daha çox ümid edirdi. Lakin hazırda razılaşma hər iki dövlət üçün qaçılmaz hala gəlib. Ona görə də sənədlərin hüquqi qüvvəyə minməsi üçün neytral dövlətlərin qarantlığı vacibdir. Əks halda, bu sənədlər yalnız kağız üzərində qalacaq və Rusiya istədiyi zaman yenidən Ukraynaya müdaxilə edə biləcək”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu