Müasir “Əməvilər” ifşa olunmalıdır! – Dinşünas

Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan sosial şəbəkələrdə dini manipulyasiya edən və təhqir kampaniyası yürüdən şəbəkələr barədə sərt çıxış edib. Müəllif bu qüvvələrin fəaliyyətini İslamın əxlaqi dəyərlərinə zidd, “Əməvi siyasətinin” müasir təzahürü kimi qiymətləndirib.
Tural İrfan bildirib ki, sosial şəbəkələrdə özünü “İranpərəst” kimi təqdim edən bir çox profil Əhli-Beyti sipər edərək cəmiyyətdə nifrət və söyüş ənənəsini yayır. O, bu metodun tarixi köklərinin Əməvi hakimiyyətinə dayandığını vurğulayıb:
“Söyüş ənənəsinin bünövrəsini Müaviyyə qoyub”
Dinşünasın sözlərinə görə, müsəlmanlar arasında təhqir mədəniyyətini ilk dəfə Müaviyyə formalaşdırıb:
“İslam tarixinə baxsaq, bu çirkin ənənəni Əməvilər gətirib. Müaviyyə 70 ildən artıq İmam Əlini məscid minbərlərindən təhqir etdirdi. Lakin tarix sübut etdi ki, təhqir edənlər xar olub cəhənnəmə vasil oldular, söyülən Əhli-Beytin isə fəziləti və ucalığı daha da artdı.”
“İran rejimi Əhli-Beyt əxlaqını istismar edir”
Müasir İran rejiminin siyasətini sərt tənqid edən İlahiyyatçı, onların hərəkətlərinin İslam prinsipləri ilə bir araya sığmadığını qeyd edib:
“Bu günkü rejim bütün siyasətində Müaviyyə üsulundan istifadə edir; böhtan, şər, terror və narkotik kimi vasitələri caiz görürlər. Şəbəkə agentlərinə tapşırılıb ki, onlarla razılaşmayanları şantaj və təhdid etsinlər. Məqsəd İslamı Qərbə radikal və iyrənc göstərmək, nəticədə farsların qədim məcusi (atəşpərəstlik) dininə qayıdışını təmin etməkdir.”

“Nasibilər Əhli-Beyt yolçusu ola bilməz”
Ekspert vurğulayıb ki, həqiqi Əhli-Beyt davamçıları nəinki söyüş söymür, hətta onları söyənlərə belə təhqirlə cavab vermirlər. O, təhqir yazanları “istismarçı” adlandırıb:
“Bunlar Əhli-Beyt adının arxasında gizlənən xain Əməvi davamçılarıdır. İmam Sadiq (ə) buyurub: ‘Bizə hürən elə it olmadı ki, sonda qotur tutmasın’. Bu şəxslər söyüşləri ilə müqəddəslərin ruhunu incidir, Rusiya vasitəsilə aldıqları maddi dəstək müqabilində dini alətə çevirirlər. Axirətə inansaydılar, belə bir küfrə yol verməzdilər.”
Hüquqi tədbirlər görülməlidir
MCP rəsmisi dövlət qurumlarını bu mənəvi təhdidə qarşı hərəkətə keçməyə çağırıb. O, ictimai mənəviyyatı korlayan profillərin təcili müəyyən edilməsini zəruri hesab edir:
“Əhli-Beytin pak ünvanını bu qalıqlardan qorumaq hər müsəlmanın borcudur. Sosial şəbəkələrdə fitnə yayan agentlərin şərrindən bu irsi xilas etmək lazımdır. Vaxtında hüquqi məsuliyyət tədbirləri görülməli, bu şəxslərin kimliyi müəyyən edilməlidir.”