Xəbərlər

“Müəllimi nüfuzdan saldıq, millətin gələcəyi təhlükədədir” – Başqan müavini

“İdrak” liseyində baş verən insident təhsil və ailə tərbiyəsi üçün bir “SOS çağırışı”dır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyası (MCP) başqanının müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

“Uşaqların zehnini ekranlar işğal edib”

MCP rəsmisi qeyd edib ki, müasir dövrdə uşaqların dünyagörüşünün formalaşmasında valideyn və müəllim faktoru arxa plana keçib. O, virtual dünyanın yaratdığı fəsadları belə ifadə edib:

“Bu gün İdrak Liseyində baş verən hadisə təhsilimizin, ailə tərbiyəsinin və cəmiyyətimizin ağır siqnalıdır. Bu artıq xəbər deyil, bu SOS çağırışıdır. Sosial şəbəkələr, onlayn oyunlar və nəzarətsiz virtual dünya uşaqlarımızın zehnini tədricən işğal edir. Onların dəyərlərini, davranışlarını və dünyagörüşünü formalaşdıran artıq valideyn və müəllim deyil, ekranlardır. Real həyat oyuna çevrilib. Oyunda uduzan uşaq, gerçək həyatda aqressiyaya meyllənir. Amma məsələ təkcə texnologiyada deyil.”

“Müəllimi şagird qarşısında aciz qoyduq”

Müəllimin nüfuzunun aşağı düşməsinə diqqət çəkən başqan müavini, təhsil müəssisələrindəki intizamsızlığın kökündə dayanan səbəblərə toxunub:

“Biz müəllimi nüfuzdan saldıq. Bir vaxtlar müəllim sinfə daxil olanda ayağa qalxardıq, ehtiram göstərərdik, sözündən çəkinərdik. Müəllim bizim üçün təkcə dərs deyən yox, tərbiyə verən, yol göstərən bir şəxs idi. Bu gün isə bəzi məktəblərdə müəllim şagird qarşısında aciz vəziyyətdədir. Avtoritet sarsılıb, hörmət itirilib. Müəllimə ‘cəza vermək olmaz’ adı altında müəllimi gücsüzləşdirdik, şagirdi isə sərhədsiz qoyduq. Nəticə göz qabağındadır: intizam yox, məsuliyyət yox, hörmət yoxdur.”

“Susmaqla problemi böyüdürük”

Ehtiram Mehtiyev sonda bu cür halların gizlədilməsinin daha böyük fəsadlara yol açacağını vurğulayaraq, təcili addımlar atılmasının vacibliyini qeyd edib:

“Bəlkə də məktəblərdə bizdən gizlədilən onlarla oxşar olay var. Susmaqla, görməzlikdən gəlməklə problemi həll etmirik, əksinə, onu böyüdürük. Müəllimə hörmət mütləq qaytarılmalıdır. Məktəbdə intizam bərpa olunmalı, valideyn məsuliyyəti artırılmalıdır. Uşağın tərbiyəsi ekranlara yox, dəyərlərə tapşırılmalıdır. Çünki müəllimi qorumaq təhsili qorumaqdır. Təhsili qorumaq isə millətin gələcəyini qorumaqdır.”

Bir cavab yazın

Back to top button