Müəllim sosial qayğılarla deyil, şagirdlərlə məşğul olmalıdır… – Deputat

Bu gün Azərbaycan müəllimi ciddi çətinliklərlə üz-üzədir. Arzu edirəm ki, müəllimlərimiz sosial problemlərin həlli ilə yox, birbaşa şagirdlərin təhsili ilə məşğul olsunlar. Hələ ki, o səviyyəyə tam çata bilməmişik. Müəllimlərin iş şəraitini, imkanlarını və əmək haqlarını artırmaq zaman tələb edən proses olsa da, bu istiqamətdə sistemli işlərin sürətlənməsinə ehtiyac var…
Sosdem.az xəbər verir ki, bu fikirləri İmişli rayonunun Məmmədli kənd məktəbində müəllim kollektivi ilə görüşən Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili kənd ziyalılarının problemlərini dinləyərək, təhsil mühitindəki çatışmazlıqları yerindəcə müşahidə edib:
“Məmmədli kəndi 96 şagird yerlik mobil məktəbdir. Köhnə məktəb binası əslində çox möhkəm və memarlıq baxımından yaraşıqlı idi. Hesab edirəm ki, elə həmin binanın təmirinə çəkilən xərc mobil məktəbə çəkilən xərclə eyni ola bilərdi. Nazirliyin qərarına hörmətlə yanaşsaq da, müəllim kollektivinin narazılığı əsassız deyil. Mobil məktəbdə müəllimlər otağı o qədər balacadır ki, orada eyni vaxtda maksimum 5 nəfərin işləməsinə şərait var. Bu, iş şəraitinin nəzərə alınmadığını göstərir.”
MCP başqanı mobil məktəblərin tikintisində standartların yenidən nəzərdən keçirilməsini təklif edib:
“Mobil məktəblərin inşasında müəyyən minimum standartlar, xüsusən pedaqoji heyətin rahat iş mühiti nəzərə alınmalıdır. Müəllim kollektivi ilə səmimi söhbətimiz oldu, onların qayğılarını parlament və aidiyyəti qurumlar səviyyəsində qaldıracağam. Müəllim cəmiyyətin sütunudur, onun iş şəraiti elə olmalıdır ki, bütün diqqətini yalnız gələcək nəslin təlim-tərbiyəsinə yönəldə bilsin.”





