MTK-ların “toxunulmazlığına” son: Deputatdan sərt tələblər

Ölkədə minlərlə ailənin yarımçıq qalmış binalar səbəbindən üzləşdiyi ciddi problemləri diqqətə çatdırıb. Millət vəkili vətəndaşların mənzil fırıldaqçılığından qorunması üçün konkret islahatlar paketi təklif edib.
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev Milli Məclisin iclasında çıxışında deyib.
Milllət vəkili mövcud qanunvericiliyin vətəndaşları tam qoruya bilmədiyini vurğulayıb. O, bəzi Mənzil-Tikinti Kooperativlərinin (MTK) məsuliyyətsizliyini “girovluq” vəziyyəti kimi xarakterizə edib:
“Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri. Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır.”
MTK-lar üçün 5 Maddəlik “Xilas Yolu”
Deputat çıxışında vəziyyətdən çıxış üçün hökumətə 5 mühüm bənddən ibarət təkliflər planı təqdim edib:
– Bank Zəmanəti: Tikintiyə başlamazdan əvvəl şirkət bank zəmanəti və ya sığorta təminatı təqdim etməlidir.
– Eskrou Hesablar: Vətəndaşın pulu birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülməli və yalnız tikinti mərhələlərinə uyğun sərbəst buraxılmalıdır.
– Şəxsi Məsuliyyət: Dələduzluq halında təkcə şirkət deyil, rəhbərlik şəxsən məsuliyyət daşımalıdır.
– “Qara Siyahı”: Riskli MTK-ların açıq reyestri yaradılmalıdır.
– Dövlət Dəstəyi: Zərərçəkmişlər üçün xüsusi hüquqi prosedur və müvəqqəti dövlət tamamlayıcı fondu qurulmalıdır.

“Məsuliyyətdən yayınma dövrü bitməlidir”
MCP başqanı çıxışının sonunda qanunvericiliyə kompleks dəyişikliklərin zəruriliyini qeyd edərək, mənzil bazarındakı özbaşınalığa son qoyulmasının vaxtının çatdığını bildirib:
“Mövqeyim aydındır: ‘istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın’ dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir.”