Mötəbər tədbirlərin Bakıda keçirilməsi təsadüfi deyil… – MCP rəsmisi

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında dünyanın 182 ölkəsindən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi bu forumun tarixində rekord göstəricilərdən biridir. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunun və təhlükəsiz ölkə imicinin dünyada yüksək qiymətləndirildiyini göstərir.
Bunu Milli Cəbhə Partiyası (MCP) başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev Bakıda start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının tarixi əhəmiyyəti və Azərbaycanın qlobal miqyasda artan gücü barədə Sosdem.az-a açıqlamasında deyib
Azərbaycanın qlobal arenadakı sarsılmaz etimadı
MCP rəsmisi vurğulayıb ki, bu cür nəhəng beynəlxalq tədbirlərin məhz Bakıda təşkili qətiyyən təsadüfi xarakter daşımır:
“Azərbaycan artıq yalnız regionda deyil, qlobal miqyasda da irihəcmli tədbirlərə uğurla ev sahibliyi edən etibarlı tərəfdaş kimi tanınır. Müasir infrastrukturu, inkişaf edən şəhərləri və güclü dövlət institutu ilə ölkəmiz bu gün dünyanın əsas diqqət mərkəzindədir. Belə bir forumun Azərbaycanda təşkili həm dövlətimizin qüdrətinin, həm də ölkəmizə olan beynəlxalq etimadın ən bariz göstəricisidir”.
Hər bir azərbaycanlının qürur mənbəyi
Başqan müavininin sözlərinə görə, ölkəmizin bu uğurları hər bir vətəndaş üçün qürurvericidir:
“Bu gün hər bir azərbaycanlı olaraq haqlı qürur hissi duyuruq. Çünki ölkəmiz gözəldir, dövlətimiz qüdrətlidir və Azərbaycan qlobal masada söz sahibi olan dövlətlər sırasında öz geosiyasi yerini getdikcə daha da möhkəmləndirir”.
