Moskva forpostu olmuş bir ölkədə Avropa sammitinə dözmür… – Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri və “Avropa Siyasi Birliyinin” samitində iştirakı Rusiyada narazılığa səbəb olub. Zelensinin sammitdə Moskvaya ünvanlı təhdid mesajları verməsi Kremldə etiraz doğurub.
Sosdem.az xəbər verir ki, məsələylə bağlı Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanı qəzəbləndirən əsas məsələ sammitin məhz Ermənistanda keçirilməsidir.
“Ermənistan heç bir dövlət başçısını dəvət etmir. Bu, “Avropa Siyasi Birliyi”nin sammitidir. Ona görə də Brüssel tərəfindən dəvət olunan Volodimir Zelenski ev sahibi kimi Nikol Paşinyanla da görüşüb və danışıqlar aparıb. Ona görə də Rusiya Nikol Paşinyanın qərbyönümlü siyasətini və seçki qabağı belə bir sammiti özünün geosiyasi mövqelərinə təhdid kimi qəbul edir”.

MCP rəsmisi qeyd edib ki, Moskva qəti şəkildə Avropanın gəlib onun uzun illər forpostu olmuş bir ölkədə sammit keçirməsinə dözümlü yanaşmır:
“Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranır və bu prosesdə Ermənistanın rol alması Moskvanın ona qarşı təhdidləri daha da artırması istisna deyil. Kütləvi informasiya vasitələrində və digər rəsmi şəxslər tərəfindən müəyyən hücumlar həyata keçirilə bilər. Seçkilərdə qarışıqlıq yaradılması da mümkündür. Ermənistanın Rusiyanın orbitindən çıxmaq istiqamətində real addımlar atması müşahidə olunacaq. Hər şey 7 iyun seçkilərinin nəticələrindən asılı olacaq”.