Xəbərlər

“Minlərlə insan probleminə həll tapa bilmədiyi üçün…” – Deputat köməkçisi

Rayonlarda icra hakimiyyətləri ilə bağlı yenidən islahatların aparılmasına ciddi ehtiyac var. Bir neçə il əvvəl həyata keçirilən islahatların müsbət nəticələrini qısa müddət də olsa gördük. Lakin son zamanların müşahidələri göstərir ki, artıq bu sahədə yenidən köklü dəyişikliklər qaçılmazdır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev deyib.

Deputat köməkçisi qeyd edib ki, bu gün minlərlə insan problemlərinə həll tapa bilmədiyi üçün Bakıya üz tutur:

“Kimisi Milli Məclisin qarşısında, kimisi nazirliklərin qəbul otaqlarında saatlarla növbə gözləyir. Bu izdiham bəzən həddini aşaraq narazılıq mühiti formalaşdırır. Digər qurumlar barədə deyə bilmərəm, amma Milli Məclisin deputatları ayda bir neçə dəfə vətəndaş qəbulu keçirirlər. Hətta Milli Məclisə istənilən vaxt gəlib deputatın qəbuluna düşmək mümkündür.

Əgər bir rayondan daxil olan şikayətlərin sayı normadan artıqdırsa, bu artıq ciddi siqnal deməkdir. Çünki vətəndaş öz doğma rayonunda sözünün eşidilmədiyini, rəhbərliyin laqeyd münasibətini gördükdə, son ümidlə paytaxta üz tutur. Bəzən vəziyyətdən sui-istifadə edərək, dövlətə qarşı süni narazılıq yaratmaq istəyənlər də tapılır”.

MCP rəsmisi bildirib ki, belə halların qarşısını yerli icra hakimiyyətləri özləri almalıdır:

“Onlar vətəndaşın dərdinə sahib çıxmalı, həftəlik və ya aylıq müntəzəm qəbullar təşkil etməli, hər bir şikayəti diqqətlə araşdırmalıdırlar. Lazım gəldikdə isə məsələləri mərkəzi dövlət qurumlarına qədər qaldırmaqdan çəkinməməlidirlər.

Əgər rayon rəhbərliyi üzərinə düşəni vaxtında görsə, nə Bakıya axın edən izdiham olacaq, nə də əsassız etirazlar. Unutmayaq, laqeydlik dövlətə qarşı etimadsızlıq yaradır”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu