Milyonlarla vəsait hara gedir? – MCP rəsmisi

Yağan yağış bir daha göstərdi ki, problem təbiətdə yox, yanaşmadadır. İnsanlar artıq bəhanə yox, nəticə görmək istəyir. Çünki təriflə və göz yummaqla heç nə dəyişmir…
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev şəhərin infrastruktur problemləri ilə bağlı narazılığını bildirərkən deyib.
MCP rəsmisi yağan yağışların şəhər təsərrüfatındakı boşluqları bir daha üzə çıxardığını, ayrılan vəsaitlərin və görülən işlərin səmərəsizliyini sərt şəkildə tənqid edib.
Deputat köməkçisi vurğulayıb ki, hər il milyonlarla vəsait ayrılmasına baxmayaraq, yağış yağdıqda şəhər iflic vəziyyətinə düşür:
“Yağış yenə də şəhərimizin gerçək simasını bir daha ortaya çıxardı. Hər il eyni mənzərə, eyni problemlər, eyni suallar… Yollar su altında, küçələr keçilməz, insanlar çarəsiz. Halbuki hər il milyonlarla vəsait ayrılır, layihələr elan olunur, təmir və yenidənqurma işləri aparıldığı bildirilir. Bəs nəticə haradadır? Görülən işlərin keyfiyyəti niyə bu qədər zəifdir? Niyə eyni problem hər dəfə təkrar olunur?”

MCP rəsmisinin fikrincə, yaranmış vəziyyət təkcə texniki qüsur deyil, həm də xalqa və dövlətə olan münasibətin göstəricisidir:
“Söhbət təkcə yağışdan getmir. Söhbət məsuliyyətdən, vicdandan və dövlətə, xalqa olan münasibətdən gedir. Bu yolları, bu infrastrukturu quranlar heç düşünmür ki, o küçələrdən onların öz ailəsi də keçir? Problemləri demək, yazmaq, göstərmək lazımdır ki, görülən işlərdə nəticə olsun. Yağan yağış bir daha göstərdi ki, problem təbiətdə yox, yanaşmadadır”.