Milli maraqlar, regional reallıq – Deputat

“Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi, ilk növbədə, Azərbaycanın son illərdə yürütdüyü milli maraqlara əsaslanan balanslı diplomatiyasının beynəlxalq səviyyədə qəbuludur. Bu hadisəyə şəxslərdən kənarda, bir dövlətçilik uğuru kimi baxmaq lazımdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Millət vəkili qeyd edib ki, otuz illik münaqişədən sonra bölgədə yaranan sülh mühiti və Ermənistanla iqtisadi təmasların (neft ixracı, yük daşımaları) başlaması, Azərbaycanın regionda diktə edən tərəfdən həm də sabitlik gətirən tərəfə keçid etdiyini göstərir:
“Vaşinqton Zirvə Görüşü ilə başlayan və Əbu-Dabi prosesi ilə tamamlanan bu yol, xalqımızın təhlükəsizliyi və iqtisadi rifahı üçün yeni imkanlar açır.
Bizim üçün ən mühüm məqam odur ki, bu sülh Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və milli suverenliyimiz qorunmaqla reallaşır. Beynəlxalq ictimaiyyətin bu prosesi dəstəkləməsi, Azərbaycanın regionun logistik və enerji mərkəzi kimi çəkisini daha da artırır.
Bu mükafat, regionda qan tökülməsinin qarşısını alan və iqtisadi inkişafı prioritet seçən Azərbaycan dövlət modelinin uğurudur.”
