Milli düşüncəli, dövlətçi din xadimləri yetişdirməliyik… – Dinşünas

Bir dövlətin varlığını qoruyub saxlamasında, yad ideoloji təsirlərdən qorunmasında özünün sabit ideoloji xəttinin olması vacibdir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan ölkədəki dini ideoloji durum və həyata keçirilməsi vacib olan islahatlar barədə danışarkən bildirib.
“Vahid din modelimiz yoxdur, səthi tədbirlərlə kifayətlənilir”
Dinşünas ölkədə ideoloji bosluğun olduğunu və xarici dini təsirlərin milli həmrəyliyə xələl gətirdiyini vurğulayıb:
“Ölkəmizdə dini sahədə müəyyən ideoloji boşluq hiss olunur. Vahid din modelimiz yoxdur. Bu model haqda azı on ildən artıqdır təkliflər vermişik. Lakin səthi tədbirlərlə kifayətlənilir. Nəticədə xarici dini ideologiyaların təsiri ölkəmizdə əhalinin həmrəyliyini pozur, dini vəhdətə, tolerant prinsiplərinə xələl gətirir. Bəzi teokratik İslam ölkələrində dini təhsil almış kadrlar bu işə böyük ziyan vurur. Çünki onlar dünyəvi dövlətdə din modelinin tələblərinə uyğun təhsil almayıblar. Odur ki, təhsil aldıqları teokratik sistemin mahiyyətini ölkəmizdə təbliğ edirlər. Yaxud bəzi ərəb ölkələrində təhsil alan şəxslər məhz həmin ölkənin din modelini tətbiq edirlər. Əgər hazırda ölkəmiz Türk Dövlətləri Təşkilatının mahiyyəti üzrə istiqamət götürübsə, din modeli də məhz bu birliyin rayihəsinə uyğun formalaşmalıdır. Bu, həm öz keçmiş milli ənənələrimizə sadiqlik, həm də ideoloji vəhdət sarıdan önəmli və faydalı olar”.
“Dini sahəni yad təsirlərin ümidinə qoymaq olmaz”
Ekspert milli din xadimlərinə olan ehtiyacı və qarşılaşdıqları təzyiqləri diqqətə çatdırıb:
“Din dövlətdən ayrı olsa da, dini sahəni də özbaşına buraxmaq, taleyin hökmünə, yad təsirlərinin ümidinə qoymaq olmaz. Milli din xadimlərinə, dövlətçi ilahiyyatçılara ehtiyac var. Lakin təəssüf ki, bu zümrə barmaqla sayılacaq qədərdir. Yad təsirlər, öz ideoloji sistemlərini ölkədə bərqərar etmək istəyən xarici təsirlər bu cür ilahiyyatçıları tamamilə sıradan çıxarır. Mənim özümə hazırda elə təsirlər, təzyiqlər var ki, yaxın zamanda mən də öz ictimai maarifçilik fəaliyyətimi dayandırmağa məcbur olacam. Bu kimi hallar ölkə üçün ciddi təhlükədir”.

“Köklü islahatlara və milli təfəkkürlü ilahiyyatçılar”
MCP rəsmisi vahid ideoloji xəttin formalaşdırılmasının vacibliyini qeyd edərək fikirlərini yekunlaşdırıb:
“Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Vaxtilə mövcud olmuş tarixi dövlətlərin dini siyasətə alət etməsi səbəbi ilə xalqın müəyyən hissəsi fərqli məzhəb və təriqətlərə aiddir. Xarici maraqlar da məhz bundan istifadə edərək bölücülük işi aparırlar. Hazırda bu proses çox sürətlə gedir. Hətta dini cameədən və dini fiqurlardan başqa, digər sahələr üzrə də bu təbliğatın təsirini götürürük. Tarixi və milli köklərimizə, mötədil dini ənənələrə və inanc sisteminə dayanan vahid din modeli olmalıdır. Vahid dini ideoloji xətt müəyyən etmək üçün məzhəbsiz, tolerant, yad təsirlərə düşməmiş, təcrübəli alimlərdən, mütəxəssislərdən istifadə olunmalıdır. Bütün bunlar üçün dini sahədə böyük və köklü islahatlara ehtiyac var. Hazırkı durum gələcək üçün çox ciddi problemlər yarada bilər. Bunun üçün də öncə milli təfəkküründə olan ilahiyyatçılara, onların maarifləndirmə və fəaliyyətinə imkanlar yaradılmalıdır”.