Milli Cəbhə Partiyasının BƏYANATI
Azərbaycan Respublikası Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi son qətnaməni pisləyir və bunu qərəzli, obyektivlikdən uzaq, reallıqları təhrif edən bir sənəd kimi qiymətləndirir.
Avropa Parlamentinin qətnaməsində Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, insan hüquqları ilə bağlı birtərəfli ittihamlar, eləcə də beynəlxalq hüquq çərçivəsində atılan legitim addımların siyasiləşdirilməsi qəbuledilməzdir.
İnsan hüquqlarının qorunması, azad mətbuatın təmin edilməsi və qanunun aliliyinin möhkəmləndirilməsi hər bir ölkənin prioritet istiqamətlərindən biri olmalı və ayrı-ayrı ölkələrə münasibətdə ikili standartlara məruz qalmamalıdır.
Avropa Parlamentinin bu məsələlərlə bağlı obyektiv məlumatlara əsaslanmadan, birtərəfli və qərəzli yanaşma nümayiş etdirməsi ölkələrarası münasibətlərə ciddi ziyan vurur.
Xüsusilə, Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə Avropa Parlamentinin erməni təcavüzkarlarının törətdiyi müharibə cinayətlərini, otuz ilə yaxın işğal dövründə Azərbaycanın tarixi və mədəni irsinə vurulan dağıntıları, o cümlədən bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulmasını tamamilə gözardı etməsi, əksinə, Azərbaycanı ittiham etməyə çalışması ikili standartların bariz nümunəsidir.
Azərbaycan beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanaraq regionda sabitliyin təmin olunması üçün səylər göstərir. Müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunması hüququn təməl prinsipidir və bu, nəinki Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin ortaq vəzifəsidir. Bu istiqamətdə atılan addımları siyasiləşdirmək yolverilməzdir.
Avropa Parlamentini ikili standartlara son qoymağa, qərəzli mövqeləri kənara qoyaraq Azərbaycanla bağlı obyektiv və ədalətli yanaşma nümayiş etdirməyə çağırırıq. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn aliliyinə hörmət etmək qarşılıqlı etimadın və əməkdaşlığın əsas şərtidir.
Azərbaycan Respublikası hər zaman öz milli maraqlarını qorumağa davam edəcək və heç bir qərəzli yanaşmanın bu iradəni zəiflədə bilməyəcəyini bir daha vurğulayırıq.