Xəbərlər

Milli Cəbhə Partiyasının BƏYANATI

​Demokratik dəyərləri siyasi münasibətlərinin mütləq prioritet kimi tanıyan Milli Cəbhə Partiyası (MCP) cari ilin 1 sentyabr tarixində ölkədə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi seçkilərini Azərbaycanın müasir tarixinin yeni inkişaf mərhələsi kimi qiymətləndirir.

Seçkilərdə 7 namizədlə iştirak etmiş MCP ölkədə seçkiqabağı təbliğat-təşviqat prosesinin yüksək peşəkarlıqla təşkil olunduğunu prinsipial olaraq vurğulayır. Açıq rəqabət şəraitində keçirilmiş təbliğat-təşviqat kampaniyalarının reallaşdırılması üçün bütün namizədlərə eyni şərait yaradılmışdır.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının üzvləri cənab Yens Kreibaum və cənab Miroslav Brozman ilə MCP namizədləri arasında İmişli şəhərində iki görüş keçirilib və onların sualları cavablandırılıb. Bununla bərabər Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupu da Milli Cəbhə Partiyasının baş qərargahında olmuş və partiyanın rəhbər heyəti və namizədləri ilə görüşüb.

​Böyük müşahidəçi sıralarına (ölkə üzrə – 2, DSK – 4272 nəfər) malik olan MCP ölkə miqyasında yaşanan seçici fəallığını təqdirəlayiq hesab edir və sözügedən fakt bilavasitə vətəndaş məsuliyyətinin təzahürü olduğunu bildirir.

Bir də qeyd etməliyik ki, səsvermə prosesində bəzi müşahidəçilərin hərəkətləri səsverməyə maneçilik törətməyə yönəlmişdi. Onlar özlərinin bu hərəkətlərinə haqq qazandırmağa çalışırdılar və bu təəssüf doğurmaya bilməz.

Milli Məclisə seçkilərdə ilk dəfə iştirak etmiş MCP əvəzolunmaz təcrübəni əldə etdi. Qazanılmış bu təcrübə partiya olaraq öz fəaliyyətində daha inamlı addımlarının atılmasına xidmət edəcəkdir. Partiyanın sədri Razi Nurullayevin seçicilər tərəfindən etimad qazanaraq VII çağırış Milli Məclisin üzvü seçilməsi isə bütün partiya üzvlərinin məsuliyyətini artırır və daha fəal fəaliyyətə sövq edir.

İkinci Qarabağ müharibəsində əldə olunmuş Böyük Qələbə təkcə tarixi ədalətin deyil, eyni zamanda milli həmrəyliyin təntənəsidir. Odur ki, tarixi Qələbədən sonra Azərbaycanın yeni inkişaf mərhələsinin əsas rəmzlərindən biri hesab olunacaq VII çağırış Milli Məclisdə fəaliyyət göstərəcək bütün deputatlara dövlət və cəmiyyətin inkişafı, habelə milli həmrəylik mühitinin qorunması naminə yönəlmiş işlərində davamlı uğurlar arzu edirik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu