Milli birliyimiz, mənəvi irsimiz dövlətçiliyimizin sütunudur… – Deputat

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri və beynəlxalq konfrans iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər milli dövlətçilik, regional sülh və xalqımızın mənəvi bütövlüyü baxımından strateji əhəmiyyət kəsb edir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev dövlət başçısının qəbul zamanı irəli sürdüyü konsepsiya və milli-mənəvi həmrəylik xəttini şərh edərkən bildirib.
“Mənəvi Dəyərlərin Qorunması Dövlət Müstəqilliyinin Zəmanətidir”
Millət vəkili milli-mənəvi irsin qorunmasının dövlət suverenliyindəki rolunu xüsusi vurğulayıb:
“Azərbaycan xalqı əsrlər boyu öz kimliyini, mədəniyyətini və mənəvi dəyərlərini qoruyub saxlayaraq müasir dövlətçiliyini inşa etmişdir. Seyid Yəhya Bakuvi kimi dahi mütəfəkkirlərimizin irsinə yiyə çıxmaq, dini və milli həmrəyliyi gücləndirmək cəmiyyətin daxili sarsılmazlığını təmin edir. Dövlət başçısının da qeyd etdiyi kimi, milli mənlik və mənəviyyat keşikçiliyi bizi xarici təhdidlərdən və yad təsirlərdən qoruyan en etibarlı qaladır”.
“Türk-İslam Dünyasında Birlik Və Regional Sülh Çağırışı”
MCP başqanı bölgədə dayanıqlı sülhün və İslam aləmində birliyin vacibliyinə diqqət çəkib:
“Bu gün dünyada mürəkkəb geostrateji proseslərin gedən fonunda Türk dünyasının, Qafqazın və geniş İslam aləminin vahid platformada, sülh və əməkdaşlıq ruhunda bir araya gəlməsi böyük önəm daşıyır. Müsəlman dini liderlərinin Bakıdakı birgə fəaliyyəti təkcə bölgəmizə deyil, bütün dünyaya həmrəylik, barışıq və sabitlik mesajıdır. Cəmiyyət olaraq birliyimizi və dövlətçilik maraqlarımızı hər şeydən üstün tutmaqla gələcək inkişafımızı daha da dayanıqlı edə bilərik”.