Mediaya açığam, amma güvənim azalıb – Deputat
Maraqlıdır ki, mətbuatda ən çox tənqid olunanlar, məhz mediaya açıq şəxslərdir, özəlliklə deputatlar. Bu ziddiyyətin səbəbi nədir?
Azxeber.com-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bunun səbəbinin deputatların mediadan, medianın da deputatlardan gözləntilərinin çox olmasında gördüyünü deyib:
“Biz bir-birimizin maraqlarını təmin etməyə çalışırıq. Mən ümumiyyətlə, medianın yazmasının, medianın yaxşı işləməsinin, ümumiyyətlə, məlumat almasının tərəfdarıyam.
Amma Azərbaycanda media da tam olaraq qərəzsiz deyil. Professional media var, amma təəssüflər olsun ki, müxtəlif hərflərin birləşməsindən yaradılan minlərlə səhifələr var və onlar özlərini ciddi media kimi göstərmək yolunu tutsalar da, bir çoxu şantajla, reketlə məşğuldur, müxtəlif, mediaya aid olmayan işlərlə məşğuldurlar. Onlar yerli-yersiz nəyinsə müqabilində və nəyə görəsə, yaxud kiminsə tapşırığı ilə ayrı-ayrı adamları hədəfə alırlar”.
Deputat medianın ondan sui-istifadə etdiyini deyib:
“Mediaya açığam və görürəm ki, bir çox media orqanları bundan sui istifadə edir və bəzən sənin illər boyu yığdığın siyasi “baqajı” bir saatın, bir dəqiqənin içərisində məhv etmək istəyirlər.
O baxımdan artıq mediaya o qədər də güvənim qalmayıb. Təbii ki, hürmət qoyduğum, həmişə heç zaman imtina etmədiyim medialar, jurnalistlər var. Onlarla əməkdaşlıq edirik. Amma təəssüflər olsun ki, artıq media da əvvəlki media deyil”.