Xəbərlər

MCP rəsmisi “avtovağzal”dan şikayətləndi – “Məsuliyyət daşınmalıdır”

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev sosial şəbəkədə Bakı Beynəlxalq Avtovağzalında üzləşdiyi problemlə bağlı paylaşım edib.

Deputat köməkçisi yazıb:

“Dünən Qazax rayonuna səfərimizlə əlaqədar bilet aldıq və bu gün gediş üçün avtovağzala vaxtından bir saat tez gəldik. Əvvəlcə düşündük ki, bizdən əvvəl olan avtobusla gedək, lakin operator bildirdi ki, qaytarılan biletdən 15 faiz tutulacaq. Biz buna razı olmadıq və öz biletimizin vaxtını gözlədik.

Lakin problem ondan sonra yarandı: bizim gediş üçün nəzərdə tutulan avtobus ümumiyyətlə çıxmadı. Bizə məlumat verdilər ki, guya həmin avtobus yarım saat sonraya dəyişdirilib. Heyətində bir neçə turistin də olduğu avtobus isə əslində yarım saat yox, 1 saat 15 dəqiqəyə qədər gecikdirildi. Bu isə bizi ciddi şəkildə çətin vəziyyətdə qoydu. Tədbirə vaxtında çatmağımız mümkün olmadı və nəticədə planlarımız pozuldu.

Biz məsələ ilə bağlı avtovağzal rəhbərliyinə müraciət etdik. Onlar isə cavab verdilər ki, “bizlik deyil”. Belə olan halda isə sual yaranır: bəs bu məsələyə kim nəzarət edir? Dövlətin rəsmi avtovağzalında belə bir məsuliyyətsizlik yolverilməzdir. Yolçu bilet alırsa, bu sadəcə kağız parçası deyil, həm hüquqi müqavilə, həm də dövlət qarşısında bir öhdəlikdir. Yolçunun vaxtı, planı, işi və təyinat yerinə çatması ilə bağlı məsuliyyət daşınmalıdır.

Bizim konkret halda isə həm vaxtımız boşa çıxdı, həm də tədbirə gecikdik. Ən əsası, bu məsuliyyətsizliyin təxirəsalınmaz tədbirlərlə aradan qaldırılması vacibdir. Belə hallarda sərnişinə vaxtında məlumat verilməli, alternativ nəqliyyat variantı təklif olunmalı və yaranan gecikmənin məsuliyyəti avtovağzal və ya daşımacı şirkət tərəfindən ödənilməlidir.

Bu sualı açıq qoyuram:

Bəs mən beş dəqiqə geciksəydim, avtobus məni gözləyərdimi?

Belə hallarda sərnişinin təminat və təzminat hüququnu kim qoruyur?

Kim məsuliyyət daşıyır ki, minlərlə vətəndaş bu cür vəziyyətlərlə qarşılaşırsa, buna kim cavab verməlidir?

Eyni hadisə başqa sərnişinlərin də başına gəlirsə, bu, artıq sistemli problem deməkdir. Qeyd edim ki, həmin vaxt avtobusda olan sərnişinlərin hamısı şifahi etiraz etsə də, buna heç bir məhəl qoyulmadı. Elə bil məsələ belə olmalıymış kimi davam etdilər.

Ümid edirəm aidiyyəti qurumlar məsələni araşdıracaq”.

Bir cavab yazın

Back to top button