Xəbərlər

MCP-nin bəyanatı: Dövlətçilik qırmızı xəttimizdir…

Milli Cəbhə Partiyası (MCP) olaraq Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı məhz ABŞ-də yaşayan azərbaycanlıların dövlət başçısına qarşı etiraz və təxribat xarakterli davranışlarını ciddi narahatlıqla izlədik.

Fikir bildirmək hər bir vətəndaşın haqqıdır. Amma bu haqq dövlətin ali təmsilçisinə qarşı fiziki yaxınlaşma, mühafizə olunan zonaya müdaxilə cəhdi, səfərin gedişinə maneə yaratmaq və təhlükəsizlik riski formalaşdırmaq səviyyəsinə çatanda artıq etiraz yox, təxribat xarakteri alır. Xaricdə yaşayan azərbaycanlıların öz ölkəsinin prezidentinə qarşı bu cür davranışı, ilk növbədə, Azərbaycanın beynəlxalq imicinə zərbədir və ölkədaxili siyasi mövqelərdən asılı olmayaraq hər kəs üçün qəbuledilməzdir.

Milli Cəbhə Partiyası hesab edir ki, siyasi mövqe fərqli ola bilər, tənqid də mümkündür. Lakin dövlətçilik məsuliyyəti deyilən anlayış var: Azərbaycan Prezidenti, siyasi baxışından asılı olmayaraq, dövlətin simasıdır. Xarici ölkədə ona qarşı yönələn təxribat, əslində, ölkənin nüfuzuna qarşı atılmış addımdır. Bu, daxili siyasi mübahisə deyil, dövlətə münasibətin göstəricisidir.

Partiya başqanı Razi Nurullayev məsələ ilə bağlı mövqeyini belə ifadə edib:

“Hər bir kəsin fərqli siyasi baxışları, tənqidləri və yanaşmaları ola bilər. Mənim də fərqli baxışlarım var – bunu heç vaxt gizlətməmişəm. Amma dövlətçilik məsələsi mənim üçün qırmızı xətdir. Xaricdə yaşayan azərbaycanlıların öz prezidentinə qarşı təxribat xarakterli addımlar atması ölkəmizin maraqlarına xidmət etmir. Dövlət başçısına münasibət, əslində, dövlətə və ölkənin beynəlxalq imicinə münasibətdir. Etiraz və tənqid hüququ var, amma bu, heç vaxt təhlükəsizlik riskinə çevrilməməli, sivil və hüquqi çərçivədən kənara çıxmamalıdır”.

Biz partiya olaraq hesab edirik ki, müxalifətçilik xaricdə ölkəni nüfuzdan salmaq deyil, ölkə daxilində sistemli, arqumentli mövqe ortaya qoymaqdır. Xaricdəki emosional və nəzarətsiz etiraz formaları nə siyasi nəticə verir, nə də Azərbaycan cəmiyyətinə fayda gətirir. Əksinə, bu cür görüntülər ölkəmiz haqqında mənfi təsəvvür yaradır və Azərbaycanı kənardan təzyiq alətinə çevirmək istəyən dairələrin işinə yarayır.

Milli Cəbhə Partiyası Prezident İlham Əliyevin təhlükəsizliyinə qarşı yönələn istənilən təxribatı qəti şəkildə pisləyir, eyni zamanda vətəndaşların fikir azadlığının hüquqi və sivil yollarla ifadə olunmasını müdafiə edir. Dövlətçiliklə populizmin, etirazla təxribatın sərhədi qarışdırılmamalıdır.

Bir cavab yazın

Back to top button