Məktəblərdə din tədris olunmalıdır? – Dinşünas

Orta məktəblərdə dini tədris yox, maarifləndirmə olmalıdır...
Sosdem.az xəbər verir ki, bunu Metbuat.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan deyib.
İlahiyyatçı fikrini ölkəmizin tədris sisteminin dünyəviliyi ilə əsaslandırıb.
“Ölkəmizdə digər dinlərin, konfessiyaların da nümayəndələri yaşayır, oxuyur. Həmçinin İslam dininin müxtəlif məzhəb və təriqətlərinə etiqad edən vətəndaşlar var. Əgər tədris olacaqsa, bu, hansı təcrübəyə əsasən həyata keçməlidir? İslam dini, yaxud ümumi dinlər üzrə vahid tədris konsepsiyası, proqramı, platforması varmı? Bu, dünyada müsəlman ölkələrininin ortaq problemidir. Çünki din parçalanıb, bir-birinə zidd, qarşılıqlı anlaşa bilməyən cərəyanlar yaranıb. Dünyada yeganə olaraq Azərbaycan İlahiyyat İnstitutudur ki, təhsili məzhəbüstü, ümumi İslam mövqeyindən verir. Yəni məktəb əksər müsəlman ölkələrindəki kimi təriqətçilik, məzhəbçilik üzərindən fəaliyyət göstərmir. Həmçinin İlahiyyat Kolleci də fəaliyyətdədir. Gələcəkdə əgər ehtiyac olarsa, onun şöbələri də açıla bilər”.
MCP rəsmisinin sözlərinə görə, ölkədə dini təhsil ehtiyacını bu müəssisələr tam ödəyir və orta məktəblərdə dinin, yaxud dinlərin tədris olunmasına lüzum yoxdur:
“Fəqət uşaqları, şagirdləri dini bilgidən də nakam qoymaq olmaz. Xalqımızın min ildən artıq olan inancının əsaslarını, yaranma səbəblərini, hazırda hansı durumda olduğunu, ölkədəki din alimlərimizi, dini qurumların durumunu anladan maarifləndirici xarakterli vəsaitin olması zəruridir. Şagirdlərin hansı üsulda maarifləndirilməsinin yolunu da gərək mütəxəssislər müzakirə etsin. Bu gün orta məktəb şagirdləri arasında da ibadət edən, inanclılar kifayət qədərdir. Onlar dini haradan öyrənirlər? Müxtəlif mənbələrdən, sosial şəbəkələrdən, din xadimlərinin moizələrindən, valideynlərindən… Görəsən, doğrumu öyrənirlər? Bu, artıq düşündürücüdür. Bəlkə onun ailəsi mühafizəkar və radikal dini baxışa sahibdir. Bəlkə dinlədiyi xətib xarici təxribatçıdır? Bəlkə sosial şəbəkədə izləyib təbliğatına duyduğu mənbə ölkəmiz üçün qeyri-ənənəvi, təhlükəli mövqeyə sahibdir? Bunun üçün orta məktəbdə uşaqların dinə münasibətinin necə olması haqda məlumatlandırma olmalıdır. Bunun ilahiyyatçılar tərəfindən aparılması vacib deyil, tarix, yaxud psixologiya fənninin müəllimi də icra edə bilər. Uşaqları dini məlumat sarıdan ac buraxmaq sonradan ciddi fəsadlar verə bilər. Dinin tədris olunması başqa şeydir, vətəndaşların öz dinləri haqda dolğun məlumatlı olmaları tam başqa şeydir. Biz bunu deyirik. Gələcəkdə və elə indi radikal və mühafizəkar dini cərəyanların təsirinə düşməmək, aldanmamaq üçün vaxtında dolğun maarifləndirmə, məlumatlandırma olmalıdır”.

Ekspert qeyd edib ki, həmin maarifləndirmə proqramına dinlərlə yanaşı ateizm, deizm kimi inanc və inancsızlıqla əlaqəli digər fəlsəfi baxışlar da əlavə edilə bilər:
“Əvvəlcə izah edib, sonra seçim vermək lazımdır. Biz anlatmırıq, sonra da deyirik niyə səhv seçim etdilər? Uşaqların dünyaya baxışında, gələcəkdə həyatının mahiyyətini anlamaqda, yaşam hədəfinin müəyyən edilməsində qarşıya çıxacaq tərəddüdlərdən xilas olmaq üçün bu vacibdir. Orta məktəb uşaqlarının dinlə, yaxud ateizmlə tanışlığını sosial şəbəkələrin, məscid mollarının ümidinə buraxmaq olmaz. Heç olmasa, ən azı bir istiqamət olmalıdır. Şagird telefonuna hansısa din xadiminin çıxışını köçürüb onu dinləyir. Digəri də həmin din xadiminin əksinə danışan başqa birisini dinləyir və ona inanır. Uşaqlar din haqda məlumatı din xadimlərindənmi almalıdır? Din xadimləri də hərəsi bir məzhəb üzrədir. Bu problem təkcə bizim problemimiz deyil, ümumilikdə dünyada, bütün müsəlmanlar belədir. Bölünüblər. Sadəcə biz bu problemin milli birliyimizə, həmrəyliyimizə, tolerantlığımıza xələl gətirməsinin qarşını almaq üçün yollar axtarır, tədqiqatlar aparır, işlər görürük. Dövlət də lazımi addımlar atır. Azərbaycan İlahiyyat İnstitutu bunun bariz nümunəsidir. Yoxsa gedib xaricdə hərə bir məzhəb üzrə, hərə bir ölkənin din modelini mənimsəyib gəlirdi və aləmi qatırdı bir-birinə. İndi isə İlahiyyat Kolleci, İlahiyyat İnstitutumuz var, peşəkar, savadlı alim, müəllim potensialı da var. Getdikcə də inkişaf edəcək”.
Dinşünas təklif edib ki, bu universitetin alimləri və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri birgə olaraq orta məktəblər üçün dinlər, ateizm, deizm və fəlsəfi inanc sistemləri barədə ümumi məlumat verən bir proqram və vəsait hazırlamalıdır:
“Bəzən belə deyəndə bəziləri elə bilir ki, orta məktəblərdə şəriət dərsləri keçilməsi nəzərdə tutulur. Bu, elə deyil. Dünyəvi və hüquqi dövlətik. Orta məktəblərdə şəriət dərslərinin keçilməsinə də ehtiyac yoxdur. Onda bir qrup da deyə bilər ki, ateizm də keçilsin, çünki ən azı Sovetlər dönəmində 70 il bu ideologiya üzrə yaşamışıq. Fəqət dini tədrisə ehtiyac görmədən, dinlər, inanclar, ateizm, inancsızlıq kimi sahələrin ümumi məlumatlandırma sisteminə daxil edilməsi lazımdır. Ateizmin yayılması da əsasən insanların din haqda naqis məlumata sahib olmamaları ilə əlaqəlidir. Ateizmin vüsət alması ölkəmiz üçün xarakterik deyil. Əksərən inanclı çoxluğa qarşı inancsızlıq formasının meydana gəlməsi sanki yeni təriqətin meydana çıxması kimidir. Əqidə, inanc meydanında təlatümlər, fikir müharibələri yaratmağa ehtiyac yoxdur. Ənənəvi şəkildə ateizmin yayılmasını xurafatın, mövhumatın, dini radikalizmin, mühafizəkar dini baxışların yayılması qədər təhlükəli hesab edirəm”.