Xəbərlər

Məğlub Ermənistan artıq sülhdə maraqlıdır… – ŞƏRH

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Teleqram kanalında yazıb ki, Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.

Sosdem.az xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan mövzu ilə bağlı mediaya bildirib ki, bu görüş sülh prosesi üçün əhəmiyyətli rola malikdir.

“Təbii ki, Azərbaycan çalışır ki, sülh davamlı, dözümlü və real olsun. Bir neçə il əvvəl Ermənistan müxtəlif manevrlərə cəhd etsə də, Azərbaycanın güclü mövqeyi qarşısında diplomatik meydanda da məğlub oldu və sülhə məcbur oldu. Amma indiki şəraitdə artıq Ermənistanın özü sülhdə maraqlıdır. Çünki regionda Türkiyə və Azərbaycanın güclənməsi, dünyada söz və güc sahibi olması Ermənistanda maraq yaradır. Real Ermənistan planına əsasən qonşularla dost şəraitində yaşamaq və əsasən iqtisadi əlaqələrin inkişafı nəzərdə tutulur.

Bu prosesə bölgədə İran və Rusiya qısqanclıqla yanaşır və maksimum pozuculuq təsiri göstərir. Şübhəsiz ki, sülhün region ölkələrinə faydası böyükdür. Lakin Rusiya imperiya siyasətindən əl çəkmir və bu ölkələrin sülh içində əbədi yaşamasını istəmir. Lakin Rusiya da əvvəlki Rusiya deyil. Ukrayna müharibəsinin yaratdığı vəziyyət onu bu kimi niyyətlərdən çəkinməyə məcbur edir. Reallıqla razılaşmağa məcburdur”, – ekspert deyib.

“Ermənistan tərəfi də Əbu Dabi görüşünü faydalı hesab edib”, deyən politoloq onu da əlavə edib ki, “erməni xislətinə heç zaman etibar etmək olmaz”:

“Bunun nə dərəcədə səmimi olub-olmamasından asılı olmayaraq, siyasi oyun olduğu təqdirdə də dövlətimizin alternativ planları olmalıdır. Hər bir halda Ermənistan sülhdən müvəqqəti siyasi manevr üçün istifadə etmiş olsa, yalnız özünə ziyan vuracaq. Çünki artıq regionda reallıq başqadır. Ermənistanda dəstək verən sabiq Suriya rejimi çöküb. İran hazırda yalnız öz problemlərinin həlli ilə məşğuldur. Türkiyə və Azərbaycan böyük qüdrətə çevrilib. Həmçinin Rusiyanın təsiretmə durumu əvvəlki kimi deyil, xüsusən də Ermənistanın özü ilə münasibətləri gərgindir. Çünki hazırki hakimiyyəti devirib özünə sərf edən fiqurları hakimiyyətə gətirmək istəyir. Bütün bunların fonunda Ermənistanın siyasi oyun oynaması inandırıcı deyil və əgər buna niyyətlənsə belə ciddi problemlərlə üzləşəcək”.

Şərhçi vurğulayıb ki, bu görüşdən sonra sülh prosesinin sürətlənməsi gözlənilir:

“Bölgədə Azərbaycanın üstünlüyü artıq qəbul olunur. Şübhəsiz ki, Türkiyənin də bölgədə güc balansı üstünlüyünü qazanması sözü gedən məsələlərin həllində həlledici rol oynayır. Ermənistan nəticə etibarı ilə Rusiyadan uzaqlaşır və İrandan da uzaqlaşmağa məcburdur. Beləliklə onu təxribata çəkən güclərin zəifləməsi nəticəsində regionda güc və söz sahibi olan Türkiyə və Azərbaycan ilə yaxınlaşmağı özünə çarə hesab edir. Türkiyə ilə Ermənistanın əlaqələrinin yenidən bərpası Ermənistanı İrandan və Rusiyadan asılılıqdan xilas edəcək. Beləcə regionda real sülhə nail olunacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu