Məzhəblərdən kənar vahid Quran tərcüməsi yaradılmalıdır… – Dinşünas

“Doğru dini məlumatı təhrif olunmuş informasiyadan fərqləndirmək kifayət qədər çətin məsələdir. Orta əsrlərdən etibarən məzhəbçilik geniş yayıldığı üçün klassik dini əsərlərin əksəriyyəti qərəzli və məzhəb yönümlü yazılıb. Cəmiyyətin sağlam maariflənməsi üçün vahid komissiya yaradılmalı, məzhəblərdən kənar ortaq Quran tərcüməsi ərsəyə gətirilməlidir”.
Bunu Sosdem.az-a dini məlumatların doğruluğunun yoxlanılması, məzhəbçi yanaşmaların fəsadları və vahid Quran tərcüməsinin zəruriliyini şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan deyib.
“Məzhəbdən Kənar Vahid Quran Tərcüməsi Yaradılmalıdır”
Dinşünas Quran tərcümələrindəki məzhəb fərqliliklərinin cəmiyyətdə parçalanmaya səbəb olduğunu diqqətə çatdırıb:
“Bu gün müxtəlif məzhəblərin yanaşmasına uyğun tərcümələr hazırlanır və ölkəmizdə də belə nümunələr var. Elə təsəvvür yaranır ki, sanki hər məzhəbin öz Quranı var. Halbuki bu, kökündən yanlış yanaşmadır. Dəfələrlə təklif etmişəm ki, məzhəb fərqlərindən uzaq, vahid bir komissiya yaradılsın və ortaq Quran tərcüməsi ərsəyə gətirilsin. Bu, cəmiyyətdə dini parçalanmanın və təriqətçi çaşqınlığın qarşısını almağa böyük kömək edər. Müstəqil düşüncəyə malik alimlərin yetişməsi və onların obyektiv əsərlər ortaya qoyması üçün müvafiq şərait yaradılmalıdır”.

“İnsanlar Dini Məlumatları Ağıl, Məntiq Və Quranla Yoxlamalıdır”
MCP rəsmisi xurafat və təhriflərdən qorunmağın yeganə yolunun sağlam məntiq və ağıldan istifadə etmək olduğunu vurğulayıb:
“İnsanlar din adı altında təqdim olunan hər bir məlumatı olduğu kimi qəbul etməməli, doğruluğunu ağıl, məntiq və Quran əsasında yoxlamalıdırlar. İslamın əsl mahiyyəti də məhz budur. Hətta Peyğəmbərimiz buyurub ki, ‘Mənim sözlərimi Quranla tutuşdurun’. Quranda hər məsələ təfərrüatı ilə yer almadığı üçün Allah insanlara ağıl bəxş edib. İnsan öz ağlı, məntiqi və təhsili sayəsində nəyin doğru, nəyin yanlış, nəyin isə xurafat olduğunu sərbəst şəkildə ayırd etməyə borcludur”.