Məzhəbçi ilahiyyatçılar milli ilahiyyatçılarla əvəzlənməlidir… – Dinşünas

“Ölkəmizdə xurafat və mövhumat əhali tərəfindən deyil, bəzi xaricə bağlı din xadimlərinin təbliğatı ilə yayılır; Milli, vətənpərvər, xaricə təqlid etmədiyi üçün sıxışdırılan ilahiyyatçıların hüquqları mütləq bərpa olunmalı, məzhəbçi ruhanilər dinçi mütəxəssislərlə əvəzlənməlidir”.
Bu barədə cəmiyyəti zəhərləyən xurafat və mövhumat bəlasını, daxili dini mühitdə kadr islahatlarının zəruriliyini və xüsusən Məhərrəm ayından sui-istifadə edən məkrli qüvvələrin fəaliyyətini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, ilahiyyatçı Tural İrfan bəyan edib.
“Məzhəbçilər Dinçilətlə Əvəzlənməlidir”
Dinşünas xurafatın və yad təsirlərin qarşısını almaq üçün ilk növbədə din xadimlərinin saflaşmalı olduğunu diqqətə çatdırıb:
“Mövhumat və xurafat dini zəhərləyən virus kimidir, o, sonra bütöv cəmiyyəti də zəhərləyir. Xurafatın qarşısını almaq üçün öncə din xadimləri saflaşmalıdır. Çünki din əsasən ruhanilər və din adamları tərəfindən təqdim olunur. Onlar dini necə təqdim edirsə, camaat da elə götürür. Ölkəmizdə məzhəbçi ilahiyyatçılar mütləq dinçi ilahiyyatçılarla əvəzlənməlidir. Çünki məzhəbçilər sadəcə özlərini haqlı, rəqibi haqsız çıxarmaq, fərqlənmək üçün xurafata, mövhumata yönəlirlər. Ölkəmizdə xurafat əsla əhali tərəfindən deyil, bəzi din xadimlərinin təbliğatı nəticəsində yayılır. Məlumdur ki, bu xurafatın içində başqa məqsədlər var. Xaricə bağlılıq və yad təsirlərin rolu burada böyükdür. Sağlam, vətənpərvər, xaricə bağlı olmayan ilahiyyatçılara, din bilənlərə şərait və imkan yaradılmalıdır ki, dini düzgün təbliğ etsinlər”.
“Milli İlahiyyatçıların Hüquqları Bərpa Olunmalıdır”
MCP rəsmisi daxili dini sistemdə milli kadrlara qarşı yaradılan süni əngəlləri kəskin tənqid edib:
“Milli, vətənpərvər, məzhəbçi olmayan kadrlar önə çəkilməlidir. Xaricə təqlid etmədiklərinə, dövlətini, vətənini sevdiyinə görə küsdürülən, sındırılan, hətta universitet diplomu tanınmayıb elmi fəaliyyətdən məhrum edilən milli ilahiyyatçıların hüquqları bərpa olunmalıdır. Mövhumatın qarşısını almaq üçün kadrlar sağlam olmalıdır, əks halda digər təbliğatın da faydası olmayacaq. Milli ruhlu olan, lakin mollalıqdan, ruhanilikdən imtina edib maarifləndirmə işini özünə vəzifə bilən ilahiyyatçılar var ki, qaranlıqdan gizli əllər onların qarşısını alır, süni əngəllər yaradır, işsiz qoyur, elmi fəaliyyətinə qarşı sədd çəkir. Xurafat olan yerdə din heç zaman sağlam təbliğ oluna bilməz. Dinimizi, Quranı, peyğəmbəri, əhli-beyti qorumaq istəyiriksə, bu bəlaya qarşı mübarizə aparmalıyıq”.

“İmam Hüseynin şəxsiyyətini inhisara alıblar“
Başqan müavini Məhərrəmlik dönəmində dini dəyərlərin təhrif olunmasını və dinin əsl mahiyyətini fəlsəfi düsturla yekunlaşdırıb:
“Xüsusən Məhərrəm ayından sui-istifadə edərək bunu bir fürsət hesab edənlər dini xarab edirlər. İmam Hüseynin özü də cəhalətin, xurafatın, mövhumatın deyil, elmin, ədalətin, tərəqqinin inkişafı üçün şəhid oldu. Ancaq indi onu sanki bir məzhəbin dəyəriymiş kimi təqdim edib inhisara alıblar və onun obrazı altında məkrli məqsədlərə çatmaq naminə xurafat pərdəsi altında çirkin işlər görürlər. İmam Hüseyni real tarixi şəxsiyyət olmaqdan çıxarıb uydurma rəvayətlərlə mifik dastan, nağıl qəhrəmanı kimi təqdim etmək o həzrətə və dinə ən böyük həqarətdir. Unutmamalıyıq ki, din təkid etmək yox, təklif etməkdir; din ikrah etdirmək yox, islah etməkdir; din söydürmək yox, sevdirməkdir! Xalqın həmrəyliyini, inanclı vətəndaşların vəhdətini pozmağa yönəlmiş fəaliyyətlərin qarşısı qətiyyətlə alınmalıdır”.