Məqsədim hansısa təbəqədən “halal olsun” eşitmək deyil… – Deputat

“Dövlət qurumlarını sərt tənqid edib hədəfə çıxarmaq problemləri həll etmir, bu səbəbdən mən rəsmi instansiyalarla dostcasına, təkliflər üzərindən danışmaq yolunu seçdim; sosial şəbəkələrdə fəaliyyətimizdə qüsur axtaran 50-60 minlik qrup isə ya keçmiş rəqiblərin tərəfdarları, ya radikal müxalifət, ya da tənqid etdiyimiz məmurların ətrafıdır”.
Bu barədə deputatlıq fəaliyyətində qazandığı siyasi təcrübəni, dövlət təsisatları ilə iş prinsiplərini və sosial şəbəkələrdə fəaliyyətinə qarşı aparılan kampaniyaların pərdəarxası səbəblərini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev bildirib.
“Dostcasına Yanaşanda İnsanların Problemlərini Daha Asan Həll Etmək Olur”
Millət vəkili çıxışlarında və fəaliyyətində zamanla baş verən taktiki dəyişiklikləri və bunun vətəndaşlar üçün faydasını əsaslandırıb:
“Əvvəllər mən çıxışlarımda, görüşlərimdə bir az daha sərt mövqe sərgiləyirdim. Konkret olaraq müəyyən dövlət qurumlarını hədəfə çevirdiyim hallar da olurdu. O məsələlərdə mən haqlı idim, bu gün də özümü haqsız saymıram. Amma sonra müəyyən təcrübə qazandım və gördüm ki, əgər problemi həll etmək istəyiriksə, onların üzərinə gedib hədəfə çıxartmaq, o qurumları sərt tənqid etmək düzgün yanaşma deyil. Məsələnin həllini istəyiriksə, mən onunla dostcasına danışa bilərəm, təkliflər deyə bilərəm və dostcasına da müəyyən məsələləri həll etmək olar. Mən ikinci yolu seçdim. Çünki dostcasına yanaşanda gördüm ki, insanların problemlərini də daha asan həll etmək olur. Mənim üçün vacib olan bu deyil ki, daha sərt danışım, sərt ifadələr işlədim və bir çox radikal təbəqələr desinlər ki, ‘halal olsun’. Mənim məqsədim o deyil. Mən tərif istəmirəm, yaxud insanlardan ‘sağ ol’ almaq üçün işləmirəm”.
“Sosial Şəbəkələrdə Səni Hədəfə Gətirmək Üçün Mənfilik Axtarırlar”
Ölkədəki sosial şəbəkə istifadəçilərinin sayına və rəy formalaşdıran qrupların siyasi mənsubiyyətinə diqqət çəkən deputat, ona qarşı yönələn tənqidlərin pərdəarxası coğrafiyasını açıqlayıb:
“Ümumilikdə Azərbaycanda ən azından on milyon yarım əhalimiz var. Bunun üç-dörd milyonu sosial şəbəkə istifadəçisidir. Onun içərisində əlli-altmış min insan var ki, deputatın fəaliyyətini bəyənməyə bilər. Amma onlar fikir formalaşdıran insanlardır. Onlar əsasən, hər hansı bir insanın fəaliyyətində mənfi bir cümlə, mənfi bir geyim, mənfi bir davranış, oturuşunda və ya danışığında bir mənfilik axtarırlar ki, səni hədəfə gətirsinlər. Bunlar ya keçmiş hərəkatçılardır, ya Əli Kərimli tərəfdarlarıdır, müəyyən bir qismi müsavatçılardır, kiçik bir hissəsi digər siyasi partiyalardandır və ya gözü götürməyənlərdir. Digər bir qismi isə səninlə namizəd olmuş, seçilməmiş şəxslərin qohum-əqrəbası, tərəfdarlarıdır. Bir qismi sənin tənqid etdiyin məmurlar və onların qohum-əqrəbalarıdır”.

“Prezidentin Köməkçisinin, Nazirin Həll Edə Bilmədiyi Prosesi Deputatdan Tələb Edirlər”
MCP lideri deputatın funksiyaları ilə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürləri və bəzi problemlərin köklü xarakter daşıdığını qeyd edib:
“Mənfi rəy yayanların bir qismi də sənə müraciət edən, amma problemini həll edə bilmədiyin insanlardır. O da müəyyən mənada informasiyasızlıqdan, savadsızlıqdan irəli gəlir ki, deputat hər məsələni həll edə bilməz. Sən deputatdan əvvəl hətta prezidentin köməkçilərinin yanında, nazirlərin qəbulunda olmusan, onlar həll edə bilməyiblər. Çünki o məsələnin həll olunması uzun prosesdir və bəlkə də artıq cənab Prezidentə məruzə olunmalıdır ki, bu məsələ ilə bağlı ümumi kateqoriya insanların problemi həll olunsun. Vətəndaş 20-30 il ərzində hər yerdə olub, indi mənim üstümə gəlirlər ki, ‘sən həll edə bilmədin, sən can yandırmadın’. Bu, belə də olur, amma reallıq fərqlidir”.