Məktəblilərə ictimai nəqliyyat ödənişsiz olsun… – Ekspert

Gələcəyimizin parlaq olmasını, dövlətimiz, cəmiyyətimiz üçün faydalı vətəndaşlar yetişdirmək istəyiriksə, uşaqların təlim-tərbiyəsinə, təhsilinə və sosial rifahına konseptual şəkildə yanaşmalıyıq. Bu məsələdə təkcə ailələr deyil, bütöv bir sosial təsisat kimi dövlət də birbaşa məsuliyyət daşıyır.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) İdarə Heyətinin üzvü, iqtisadçı Pərviz Şıxalıyev uşaqların sosial müdafiəsi, ailələrə dövlət dəstəyi mexanizmləri və uşaqlar üçün nəzərdə tutulan güzəştlər paketini şərh edərkən bildirib.
Dövlət sosial yükü yüngülləşdirilməlidir…
MCP rəsmisi orta statistik ailələrin maliyyə çətinliklərinə və dövlətin bu sahədəki roluna diqqət çəkib:
“Bu gün sadə vətəndaşların aylıq gəlirləri uşaqların gündəlik ehtiyaclarını, təhsil və inkişaf xərclərini tam qarşılamağa adətən yetmir. Məhz bu səbəbdən hökumət ailələrə birbaşa və ya dolayısı yollarla sosial dəstək paketləri təqdim etməlidir. Bu dəstək ya birbaşa aylıq pul vəsaitlərinin ödənilməsi, ya da uşaqlar üçün genişmiqyaslı sosial güzəştlərin tətbiqi formasında həyata keçirilə bilər”.
Güzəştlər paket tətbiq olunmalıdır…
Ekspert uşaqların maliyyə öhdəliklərindən azad edilməsi üçün 3 əsas praktiki təklif irəli sürüb:
“Əgər ailələrə birbaşa uşaq pulunun verilməsi mexanizmi yoxdursa, dövlət alternativ addımlar atmalıdır. İlk növbədə;
– Məktəblilərə ictimai nəqliyyatdan tam ödənişsiz istifadə hüququ verilməlidir.
– Uşaqlara şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və müxtəlif dövlət arayışlarının verilməsi zamanı tələb olunan dövlət rüsumları ləğv edilməlidir.
– Uşaqların dünyagörüşünün formalaşması üçün tarihi məkanlara və muzeylərə giriş ödənişsiz olmalıdır”.

Uşaqlar ödənişlərindən azad edilməlidir…
İqtisadçı təkliflərini özündə əks etdirən əsas prinsipi vurğulayaraq fikirlərini yekunlaşdırıb:
“Uşaqlar özləri gəlir qazanmaq imkanına malik olmadıqları üçün onların hər hansı rüsum və ya xidmət haqqından azad olunması sosial ədalət prinsipinin tələbidir. Bu kimi addımlar ailələrin büdcəsinə kömək etməklə yanaşı, vətəndaşın öz dövlətinə olan inamını və gələcəyə ümidini möhkəmləndirəcək”.