Xəbərlər

Məkkə Paktı Yaxın Şərqdə hərbi balansı dəyişir… – Ekspert

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış üçtərəfli müdafiə sazişi Yaxın Şərqdə Türkiyənin geosiyasi və hərbi mövqeyini daha da möhkəmləndirir. Bu addımla Ankara regionda qərarlara birbaşa təsir göstərən əsas güc mərkəzlərindən birinə çevrilmək imkanını əhəmiyyətli dərəcədə artırır.

Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə üçtərəfli müdafiə paktının regiondakı təsirini və gələcək imkanlarını şərh edərkən bildirib.

“İranın Proksi Şəbəkəsinə Qarşı Kollektiv Çəkindirmə Mexanizmi”

Ekspert bildirib ki, İran uzun illər ərzində Suriyadan Yəmənə qədər müxtəlif proksi qüvvələr vasitəsilə regiondakı hərbi varlığını genişləndirməyə və təsir dairəsini artırmağa çalışıb:

“Yeni formalaşan hərbi-siyasi ox Tehranın regiondakı ekspansiyasının qarşısını almaq baxımından strateji maneə rolu oynaya bilər.

Ankara-Ər-Riyad-İslamabad üçbucağının Yəməndəki husilər, İraqdakı təsirli hərbi qruplaşmalar və Suriyadakı mövcudluq kimi gərginlik ocaqlarına qarşı daha çevik təhlükəsizlik mexanizmləri formalaşdırması gözləniləndir”.

“Hər Bir Hücum Müharibə Anlamına Gəlməyəcək”

Paktın praktiki işləmə mexanizminə toxunan şərhçi vurğulayıb ki, müqavilə çərçivəsində kollektiv müdafiə maddələrinin tətbiqi müəyyən şərtlərdən asılıdır:

“Yəməndə husilər tərəfindən Səudiyyə Ərəbistanına yönələn dron və ya raket hücumları avtomatik olaraq Türkiyə və ya Pakistanın İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması demək deyil. Birgə müdafiə mexanizmi yalnız tərəflərdən birinin ərazi bütövlüyünə birbaşa təhdid, genişmiqyaslı hərbi təcavüz və ya quru qoşunlarının işğal cəhdi baş verdikdə işə düşəcək. Belə bir kritik ssenaridə müttəfiqlərin hərbi və siyasi dəstəyi birbaşa gündəmə gələcək”.

“Misirin Qoşulması və ABŞ-ın Strateji Maraqları”

MCP rəsmisi gələcəkdə Misir və digər aparıcı ərəb ölkələrinin də bu formata cəlb olunmasının mümkünlüyünü qeyd edib:

“Belə bir genişlənmə Yaxın Şərqdə tamamilə yeni hərbi-siyasi balans yarada bilər.
Tehranın bu təşəbbüsdən ciddi narahatlıq keçirdiyi, bunu ABŞ-ın regiona yenidən fəal qayıdışı kimi qiymətləndirdiyi bildirilir. Lakin NATO üzvü olan Türkiyənin Yaxın Şərq təhlükəsizliyində ön plana çıxması Vaşinqtonun regional yükü azaltmaq və balansı qorumaq strategiyası ilə də üst-üstə düşür.

Strateji pakt səmərəli tətbiq olunacağı təqdirdə, Yaxın Şərqdə İranın proksi şəbəkəsinin təsirini məhdudlaşdıran və regional sabitliyi təmin edən əsas sütuna çevrilə bilər”.

Bir cavab yazın

Back to top button