Məhərrəm ayında toyu qadağan edən dini hökm yoxdur… – Dinşünas

“Məhərrəm ayında toy və şənliklərin keçirilməsinə dair heç bir dini qadağa yoxdur, lakin ictimai ehtiram naminə şadlıqları Aşura gününə salmamaq məqsədəuyğundur; bu ayda özünü döymək və baş yarmaq ənənəsi isə İmam Hüseynə xəyanət edən İraq və İran əhlinin sonrakı peşmançılıq ayinidir ki, bunda Azərbaycan xalqının heç bir tarixi günahı və payı yoxdur”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı-ekspert Tural İrfan deyib.
Dinşünas qeyd edib ki, Quranda və Peyğəmbər ənənəsində xüsusi matəm ayı anlayışı olmasa da, sonrakı tarixi-siyasi proseslər nəticəsində İslama zidd ayinlər ortaya çıxıb. İlahiyyatçı zəncir vurmaq və baş yarmaq adətlərinin tarixi köklərini açıqlayıb:
“Mərasimin kütləvi aksiya, şüar və bayraq nümayiş etdirilən hissələri sırf Büveyhilərin və Fatimilərin siyasi ideologiyalarına əsaslanır. Özünü döymək, zəncir və qılıncla baş yarmaq isə İmam Hüseyni çağırıb sonra da əks tərəfə keçib əllərini onun qanına batıran xain tərəfdarlarının sonrakı peşmançılığının təzahürüdür. Bu xainlər faciədən sonra ‘Tövbə edənlər’ adı ilə təşkilatlanaraq İmamın məzarı üstündə 40 gün ağlayıb başlarına, sinələrinə vurdular. Bu barədə Seyid bin Tavus özünün ‘Luhuf’ kitabında əsaslı şəkildə danışır”.
Ekspert tarixi mənbələrə istinad edərək vurğulayıb ki, Kərbəla hadisələri zamanı nə xəyanət edənlərin içində, nə də Yezid qoşununda Azərbaycandan heç kim olmayıb:
“Əksinə, İmam Hüseynin yanında Müslim Azərbaycanlı kimi həmvətənlərimiz döyüşüb. Bu hadisələrdə əsasən İraq və indiki İran əsilli adamların rolu və təqsiri olub. Sasani imperiyasının yıxılmasını həzm edə bilməyən farslar İmam Hüseynin həyat yoldaşının fars olmasına əsasən onun İraqa dəvət olunmasında mühüm rol oynayıblar. Ona görə də ilk dəfə başına döyən də məhz İran və İraq əhli olur. Çağırıb nəinki kömək etmədilər, əksinə Yezid tərəfə keçdilər. Bu peşmançılıq mərasimində bizim xalqımız iştirak etməyib. Əgər başına döyməli, peşman olmalı biriləri varsa, onlar əsasən İraq əhli və İran farslarıdır. Azərbaycan əhalisi Kərbəlada xəyanətə yol verməyib”.

MCP rəsmisi xatırladıb ki, Kərbəla şəhidlərini yad edərkən Əhli-Beytin, İmamın qardaşı Məhəmməd əl-Hənəfiyyənin və oğlu Əli Zeynəlabidinin ənənəsinə uyğun hərəkət edilməlidir:
“Biz onların qeyd etmə metodlarında bu günkü Məhərrəm ayı ayinlərini, zəncir, qılınc, sinə döymə, bayraq-şüar, nəzir yığımı, ələm, kəcavə, ‘Qasım otağı’ və lənət kimi neqativ nümunələri görmürük. Onlar İslama, Qurana uyğun dua, səbr və nikbinliklə Kərbəla şəhidlərini yad edirdilər. Matəmin və xurafi əməllərin əleyhinə çıxanları İmam Hüseynin əleyhinə qələmə vermək tamamilə yanlışdır, böhtandır. Biz sekulyar dövlətdə yaşayırıq, matəm saxlayan təbəqəyə də, matəmin İslamda olmadığını deyənlərə də tolerantlıqla, hörmətlə yanaşılmalıdır”.