“Londonun tələsi: Rusiya seçim qarşısında” – ŞƏRH

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan diplomatik təmaslar və qlobal güclərin yeni gedişləri Rusiya-Ukrayna müharibəsində həlledici mərhələnin başladığından xəbər verir.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Analitik son prosesləri analiz edərək, Rusiyanın geosiyasi mühasirəyə alındığını və Moskva üçün həlledici seçimlər vaxtının çatdığını bildirib:
“Xüsusilə Münhendə Çin və Ukrayna nümayəndə heyətləri arasında baş tutan görüş təsadüfi deyil və bu prosesdə “London barmağı” həlledicidir. Çinin mövqeyindəki hər hansı dəyişiklik müharibənin taleyini birbaşa həll edə bilər. Lakin Pekin burada öz strateji maraqlarını güdür. Analizlər göstərir ki, Münhendə baş tutan Çin-Ukrayna görüşü sadəcə formal xarakter daşımır. Bu yaxınlaşmada Böyük Britaniyanın birbaşa rolu və təsiri var. Britaniya Baş naziri Kir Starmerin Pekin səfəri zamanı da qeyd etdiyim kimi, London Çini Rusiyadan uzaqlaşdırmağa çalışır. Bəllidir ki, Rusiyanı Ukraynada ayaqda saxlayan əsas güclərdən biri məhz Çindir. Pekin üçün müharibənin uzanması Rusiyanı ucuz xammal bazasına çevirmək və onu ‘vassal’ asılılığına salmaq üçün bir fürsət idi. Lakin indi Qərb Çinə Rusiya ilə əlaqələrin əvəzinə daha cəlbedici alternativlər (məsələn, Venesuela nefti və s.) təklif edərək tərəzini dəyişir.”
Politoloq NATO-nun baş katibi Mark Ruttenin Rusiyanı “sürünən ilbizə” bənzətməsini planlı təxribat və psixoloji təzyiq kimi qiymətləndirib:
“Rusiyaya qarşı hərbi-siyasi və informasiya təzyiqləri pik həddə çatıb. Mark Ruttenin ‘güclü ayı’ obrazını ‘sürünən ilbiz’ ilə əvəzləməsi Moskvanı avantür addımlar atmağa təhrik etmək və onun real gücünü (və ya zəifliyini) ortaya qoymağa məcbur etmək niyyətindən xəbər verir. Lavrovun Qrenlandiya və Alyaska ilə bağlı hədələyici ritorikası isə əslində Rusiyanın iqtisadi və maliyyə baxımından küncə sıxılmasının doğurduğu çarəsiz reaksiyadır.”

MCP rəsmisi Rusiyanın təkcə cəbhədə deyil, həm də diplomatik və iqtisadi müstəvidə təkləndiyini vurğulayıb:
“Hindistanın Rusiya enerjisindən imtinası, kölgə donanmasının məhdudlaşdırılması və ABŞ-ın Ermənistanla nüvə enerjisi sahəsindəki yeni razılaşmaları halqanı daraldır. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin Münhendəki çıxışında Rusiya tərəfindən Azərbaycan səfirliyinə edilən hücumları xatırlatması Moskvanın ‘MDB-ni rus dili ilə vurmaq’ cəhdinə verilən birbaşa və sərt mesajdır. Rusiya artıq özünün ənənəvi təsir dairəsində belə ciddi müqavimətlə üzləşir.”
Ekspertin qənaətinə görə, Londonun işə saldığı bu diplomatik mexanizm Putini çıxılmaz vəziyyətə qoyub:
“Rusiya ətrafındakı halqa tamamilə qapanmaq üzrədir. Hazırda Moskva üçün iki yol qalıb: ya müharibəni qeyri-şərtsiz dayandırmalıdır ki, bu Dmitri Medvedevin elan etdiyi ‘qələbə’ konsepsiyasına ziddir, ya da hakimiyyət dəyişikliyi qaçılmaz olacaq. Görünən odur ki, ABŞ əsas qüvvə olsa da, Böyük Britaniyanın qurduğu kombinasiya Rusiyanı faktiki olaraq bu iki seçim qarşısında qoyub.”