Xəbərlər

Levon etnik təmizləməni etiraf edib – Deputat

Xəbər verdiyimiz kimi Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib ki, “biz 200 000-nə yaxın azərbaycanlını tarixi, doğma torpaqlarından qovmuşuq. Ermənistanı pisliklərdən təmizləmişik. Üç rayonda – Vardenis, Masis və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdilər, habelə Zəngəzurda əhalinin böyük qismi azərbaycanlılar idi”.

Bununla bağlı Sonxeber.az-a danışan Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev bildirib ki, Levon Ter-Petrosyan açıq şəkildə etnik təmizləməni müdafiə edir, bu da insanlıq əleyhinə cinayəti etiraf etməyə bərabərdir:

“Bu, beynəlxalq hüquqa, insan haqlarına və bütün sivil cəmiyyət dəyərlərinə ziddir. 200,000-dən çox azərbaycanlının öz doğma torpaqlarından zorla qovulması, onların tarixi irsinin silinməsi və bu barbarlığın “Ermənistanı təmizləmək” kimi təqdim olunması tamamilə qəbuledilməzdir.

Bu, nəinki keçmişdə törədilmiş cinayətlərin legitimləşdirilməsinə cəhd edir, həm də erməni cəmiyyətini düşmənçilik və nifrət ideologiyasına alışdırmaqdır”.

Deputat vurğulayıb ki, bu kimi açıqlamalar sübut edir ki, Ermənistan heç zaman sülh və birgə yaşayış üçün yox, monodövlət qurmaq və azərbaycanlıları etnik təmizləməyə məruz qoymaq üçün çalışıb:

“Hər kəs anlamalıdır ki, bir xalqın öz doğma torpağından qovulması və etnik təmizləməyə məruz qalması nə tarixin, nə də gələcəyin qəbul edəcəyi bir həqiqətdir. Azərbaycan xalqı bu cür cinayətlərin heç vaxt unudulmayacağını və haqlı mövqeyini müdafiə edəcəyini bir daha sübut edib və edəcək.

Sülh yalnız tarixi ədalətin bərqərar olunması, Ermənistandan qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtması və onlara qarşı törədilən cinayətlərin tanınması ilə mümkündür.

Ermənistan rəhbərliyi və cəmiyyəti anlamalıdır ki, nifrət ideologiyası ilə gələcək qurmaq mümkün deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu