Kommunal tariflər və limitlər yenidən baxılmalıdır – MCP rəsmisi

Sahibkarın üzərindəki kommunal və sosial yük azaldılmasa, regional inkişafdan danışmaq çətindir...
Sosdem.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) Salyan təşkilatının sədri Ruslan Məmmədov ölkədəki sahibkarlıq mühiti, investisiya cəlbediciliyi və biznesin qarşısında dayanan süni maneələr barədə danışarkən deyib.
Sədr bildirib ki, kağız üzərindəki azadlıqlar real iqtisadi güzəştlərlə möhkəmləndirilməlidir:
“Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün lazımi hüquqi baza yaradılsa da, istehsal prosesindəki yüksək xərclər yerli məhsulun rəqabət qabiliyyətini aşağı salır. Bəli, ölkəmizdə sahibkarlar diqqət mərkəzindədir, onlar sərbəst və azaddırlar. Lakin reallıq budur ki, bir sahibkar məhsulunu bazara çıxarana qədər o qədər yüksək xərclərlə üzləşir ki, sonda təklif etdiyi qiymət alıcı üçün sərfəli olmur. Biz sahibkara elə şərait yaratmalıyıq ki, o, minimum xərclə maksimum keyfiyyətli məhsul istehsal edə bilsin.”
Təşkilat sədri sahibkarların ən çox narazı qaldığı məqamlardan birinə – kommunal ödənişlərə toxunub:
“Bu gün sahibkar üçün kommunal xidmətlərin quraşdırılmasında hələ də ciddi məhdudiyyətlər var. Ən əsası, kommunal ödənişlərin ‘qeyri-əhali’ tarifi ilə, üstəlik heç bir güzəştli limit olmadan hesablanması istehsalçının belini bükür. Təklif edirəm ki, sahibkarlar üçün bu limitlər ləğv edilməli və xüsusi güzəştli tariflər tətbiq olunmalıdır.”
Ekspert vurğulayıb ki, yeni iş yerlərinin açılmasında sahibkarın üzərinə düşən sosial sığorta yükü dövlət tərəfindən bölüşdürülməlidir:
“Yeni fəaliyyətə başlayan müəssisələrdə çalışan işçilərin sosial ödənişləri müəyyən müddət (məsələn, 3-5 il) tam dövlət təminatına götürülməlidir. Bu addım həm kölgə iqtisadiyyatının qarşısını alar, həm də sahibkarın rəsmi işçi saxlamaq marağını artırar”.

MCP rəsmisi xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən investorlar üçün xüsusi rejimin tətbiqini təklif edib:
“Rayonlarda və kəndlərdə iş qurmaq biznesmen üçün riskli addım kimi deyil, böyük bir fürsət kimi görünməlidir. Hazırda bir çox investor regionlara getməkdən çəkinir. Niyə? Çünki infrastruktur xərcləri və yerli bürokratiya onları qorxudur. Kənd təsərrüfatı istehsalçılarına, xüsusən də ixracyönümlü məhsul hazırlayanlara “yaşıl dəhliz” və vergi tətilləri verilməlidir.”
Sonda təşkilat sədri qeyd edib ki, iqtisadi tərəqqi üçün istehsalçıya verilən imtiyazlar xərclənmiş vəsait deyil, gələcəyə yatırılmış investisiyadır:
“Əgər biz regionların canlanmasını istəyiriksə, investor və istehsalçıya xüsusi status verməliyik. Onların marağını qorumaq əvəzinə maneələr yaratsaq, investisiya axınını dayandırmış olarıq.”