Koçaryan və Karapetyan region üçün potensial təhdiddir… – Ekspert

“Ermənistanda “Hayastan” blokunun lideri, sabiq prezident Robert Koçaryana qarşı MSK-nın icazəsi ilə rəsmi ittihamın irəli sürülməsi ərəfəsində onun ölkədən çıxışına qadağa qoyulması siyasi repressiya deyil, İrəvanın Rusiyaya bağlı təhdid qüvvələrini zərərsizləşdirmək və Ermənistanı yeni bir müharibə riskindən qorumaq strategiyasıdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
“Robert Koçaryanın Ölkədən Çıxışına Qadağa Qoyuldu, İttiham İrəli Sürülür”
Ekspert sabiq prezidentə qarşı hüquqi müstəvidə yeni mərhələnin başladığını diqqətə çatdırıb:
“Ermənistanda Robert Koçaryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. Artıq Koçaryanın ölkədən çıxışına qadağa qoyulub və Ermənistan MSK ona qarşı ittiham sürülməsinə icazə verdi. Paşinyan hələ seçki öncəsi Robert Koçaryan və Samvel Karapetyana qarşı ciddi ölçülər götürəcəyini qeyd etmişdi.
Hər iki şəxs potensial olaraq Ermənistan dövlətçiliyi üçün ciddi təhdiddir. Koçaryan ölkəsini Rusiyadan asılı salmağa çalışır. Hakimiyyətdə olduğu müddətdə kifayət qədər cinayətlər edib və hazırda davam etdirdiyi siyasət erməni xalqının maraqlarına tamamilə ziddir”.

“Karapetyanın Missiyası Ermənistanı Müharibəyə Sürükləməkdir”
MCP rəsmisi Rusiyadan Ermənistana yönləndirilən milyarder Samvel Karapetyanın ölkədəki sabitliyi pozmaq cəhdlərini və bunun region üçün fəsadlarını ifşa edib:
“Rusiyanın göndərdiyi milyarder Karapetyanın əsas missiyası Ermənistanın Rusiyaya bağlanması və yenidən Azərbaycana qarşı müharibəyə sürüklənməsindən ibarətdir. Bu avantürist xətt isə Ermənistanın bir dövlət olaraq mövcudluğunu birbaşa sual altına qoyur. Samvel Karapetyan hazırda xalqı yeni etirazlara çağırır, daxili çaxnaşma yaratmaq istəyir.
Göründüyü kimi, Paşinyanın bu şəxslərə qarşı təzyiqləri tam hüquqi müstəvidədir və Ermənistanı qorumaq məqsədi daşıyır. Nikol Paşinyan Rusiyaya bağlı bu müxalifətin parlamentdə azad şəkildə fəaliyyətinə və dövlət əleyhinə manipulyasiyalar etməsinə imkan verməyəcək”.