Xəbərlər

“Kilsə-Moskva-Köçəryan: Paşinyana qarşı ittifaq… – Politoloq

“Ermənistanda 2026-cı il iyunun 7-də keçirilməsi gözlənilən parlament seçkiləri ənənəvi proseslərdən köklü şəkildə fərqlənəcək. Nikol Paşinyanın bu seçkiləri daha demokratik formatda təqdim etmək cəhdi, əslində öz zədələnmiş reputasiyasını bərpa etmək və Qərbin etimadını tam qazanmaq üçün hesablanmış siyasi görüntüdür. Reallıq budur ki, Ermənistan cəmiyyəti hələ də tam demokratik seçki keçirmək və bu potensialda iradə nümayiş etdirmək səviyyəsində deyil”.

Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan Ermənistandakı seçkiönü gərginliyi və regional təsirləri şərh edərkən bildirib.

Parlament uğrunda 19 siyasi qüvvə: Bloklar və tərəflər

MCP rəsmisinin sözlərinə görə, Ermənistan parlamentli respublika olduğu üçün bu səsvermə faktiki olaraq yeni baş nazirin kimliyini həll edəcək:

“Seçki marafonuna 19 siyasi qüvvə – 2 blok və 17 partiya qatılıb. Mübarizənin əsas oxu Qərbmeylli Nikol Paşinyan (Vətəndaş Müqaviləsi) və Rusiyanın açıq dəstəklədiyi Robert Köçəryan (Hayastan bloku) arasındadır. Bundan başqa, Narek Karapetyanın rəhbərlik etdiyi ‘Güclü Ermənistan’ bloku da müxalif cinahda yer alır. Paşinyan həm müxalifət blokları, həm də kilsə ilə eyni vaxtda mübarizə aparmalı olur. Mayın 8-dən start verilən təşviqat kampaniyası göstərir ki, xaricdəki ermənilərə (diplomatlar istisna olmaqla) səsvermə imkanının verilməməsi Paşinyanın Rusiya ermənilərinin təsirini neytrallaşdırmaq istəyidir”.

Köçəryanın azalan şansı və Azərbaycanla sülh faktoru

Ekspert qeyd edib ki, seçkilərin nəticəsi regionun, o cümlədən Azərbaycanla sülh prosesinin taleyinə birbaşa təsir edəcək:

“Daxili qütbləşmədən daha çox, Ermənistan Qərblə Rusiyanın poliqonuna çevrilib. Robert Köçəryanın radikal revanşist və sülh əleyhinə olan mövqeyi təkcə Azərbaycanı deyil, regional sabitlikdə maraqlı olan beynəlxalq qüvvələri də narahat edir. Lakin Köçəryan və Karapetyan bloklarının hakimiyyətə gəlmək şansı olduqca aşağıdır. Paşinyanın komandası müəyyən itkilər versə də, rəqiblərin hakimiyyəti ələ keçirmə ehtimalı azdır. Bu seçki Ermənistanın hansı qütbə birdəfəlik lövbər salacağını müəyyənləşdirəcək”.

Bir cavab yazın

Back to top button