Kasıblıq, çarəsizlik insanları küfrə aparır… – İlahiyyatçı

“”Fəqirlik küfrə aparır” hədisi bu gün cəmiyyətimizdə baş verən sosial və mənəvi fəsadların tam reallığını göstərir. Sosial vəziyyətin ağırlığı halallıqla yaşamağı imkansızlaşdıranda, səbr və təmkin tükənir; insanları ya haram yola, ya əqidə küfrünə, ya da intihara sövq edir. Ağır sosial vəziyyət cəmiyyətdə xisləti və neqativ resursları qabardaraq ümumi nizamı pozur”.
Bunu Sosdem.az-a cəmiyyətdə dərinləşən sosial-iqtisadi çətinlikləri, artan fəqirliyin mənəvi-psixoloji fəsadlarını və məmurlarla xalq arasındakı böyüyən sosial uçurumu şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, dinşünas Tural İrfan deyib.
“Kasıblıq Və Ədalətsizlik Ateizm, Deizm Və Radikallaşmanı Tətikləyir”
MCP rəsmisi az maaş, işsizlik və kommunal yükün insanlarda ümidləri qırdığını, mənəvi deqradasiyaya yol açdığını diqqətə çatdırıb:
“Xüsusilə son zamanlar fəqir təbəqənin ağır sarsıntı içində olduğu hərtərəfli Hiss olunur. Ağır faizli bank kreditləri, az maaş, işsizlik, uşaqpulunun verilməməsi, pensiya yaşının və kommunal xərclərin artırılması düşüncəsi hətta sürücülərdən tutmuş adi vətəndaşa qədər hər kəsin beynini yorur, ümidini üzür. Bu ümidsizlik fonunda cəmiyyətdə ateizm, deizm artır, əks cəbhədə isə radikal, mühafizəkar cərəyanlara meyl güclənir. İstedada, yaradıcılığa, hətta Vətən üçün fədakarlığa belə layiqincə dəyər verilməməsi insanların inamını sarsıdır, onları küfrə və fəsada yönəldir”.

“Məmurlarla Qara Camaat Arasında ‘Çin Səddi’ Yaranıb”
Ekspert feodal təfəkkürlü məmurlarla sadə məzlum insanlar arasındakı kəskin təbəqələşməni və sosial ədalətsizliyi sərt tənqid edib:
“Bu gün xalqın və dövlətin malını asan yollarla mənimsəyən məmurlarla ac, fəqir adamlar arasında böyük bir uçurum əmələ gəlib. Feodal siniflə qara camaat arasında sanki bir ‘Çin səddi’ yaranıb. Uca hasarlı malikanələrdə yaşayan məmurların minlərlə manat işıq borcuna toxunmağa cəsarət etməyənlər, fəqirin uçuq evində beş manat borca görə heç xəbərdarlıq etmədən işığı kesirlər. Bu cür ədalətsizlik cəmiyyətdə aqressiyanı, mərhəmətsizliyi və narazılığı daha da alovlandırır. Fəqirlik insanların içindəki bütün neqativ resursları kompleksləşdirərək topluma sirayət etdirir”.