“Kəndlərimizdə vəziyyət yaxşı deyil” – Deputat Razi Nurullayev
“Kənd yerlərinin inkişafı urbanizasiyanın qarşısının alınmasının ən asan yoludur. Amma kəndlərimizdə vəziyyət yaxşı deyil. Hər kəs kəndləri tərk edib şəhərə axışır”.
Bunu Milli Məclisdə çıxışı zamanı Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, kəndlərin inkişfı üçün dövlət proqramı şərtdir:
“Qarabağda normal kəndlər salınır, biz Azərbaycanın hər yerində kəndləri inkişaf etdirməliyik. Bunun üçün də Kəndlərin inkişafı ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasına ehtyac var.
Buna qədər isə cənab Baş nazir xahiş edirəm ki, builki dövlət büdcəsində 21 kəndin inkişafı ilə bağlı dövlət vəsaiti nəzərdə tutulsun. 7 rayon seçilsin və hər birindən 3 kənd seçilməklə pilot layihə həyata keçirilsin.
Bura daxildir: kənd ərazisində biznes və istehsalat sahələrinin aydınlaşdırılması, bacarıqlı kənd adamlarından ibarət biznes kursu keçəcək adamların təlimə cəlb edilməsi, bələdiyyənin inkişaf layihəsinə cəlb olunması. Bələdiyyələrlə bağlı komitə iclasında qeyd etmişəm ki, bələdiyyələr çox işə görə bilər, əgər onlara dövlət dəstəyi olarsa”.
MCP başqanı vurğulayıb ki, bələdiyyələrə dəstək yardım şəklində olmamalıdır:
“Bələdiyyə əlillik dərəcəsi almış şəxs deyil ki, yardım alsın. Bələdiyyələr və biznes qurumları birlikdə 50-50-yə biznes qursunlar. Həm bələdiyyə öyrənsin, həm də biznes maraqlı olsun. Elə subvesnisyalar müştərək layihələr yönlənsin. Kənd mədəniyyətinin formalaşdırılması üçün təlimlər və dövlət hesabına bəzi infrastruktur layihələrin həyata keçirilməsi də vacibdir. Çox xahiş edirəm ki, bu məsələ ciddi müzakirə olsunsun və elə bu ilin büdcəsində müəyyən məbləğ nəzərdə tutulsun”.