“Kəndlər boşalır, gənclər pis vərdişlərə qurşanır” – Ekspert

“Kəndlərdə iş yoxdur, gənclərin vaxt keçirəcəyi mədəniyyət ocaqları isə baxımsız, toz içindədir. Kitabxana, klub, mədəniyyət evləri uzun illərdir baxımsız qalıb, divarları köhnə, əşyaları qırıq-sındırıqdır”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının Salyan təşkilatının sədri Ruslan Məmmədov deyib.
Ekspert bildirib ki, gənclərin əlində qalan yalnız bir-iki çayxana və domino masasıdır:
“Amma nə qədər çayxana və domino olar ki? Faydalı məşğələlər yoxdur, idman, mədəni tədbirlər isə formal xarakter daşıyır. Bu səbəbdən kənd gəncləri boş vaxtını mənasız əyləncə və pis vərdişlərlə doldurur”.
MCP rəsmisi vurğulayıb ki, işsizlik və mədəni boşluq gənclərdə kriminal marağı artırır:
“Boş qalan gənclər diqqətini pis işlərə, qanunsuz və təhlükəli vərdişlərə yönəldir. Kəndlərdə bu vəziyyət uzun illər davam edərsə, yalnız boş torpaq və tənha evlər qalacaq. Aidiyyatı qurumlar bu problemi görməli, ciddi tədbirlər görməlidir.”
Təşkilat sədri, kəndin gələcəyi yalnız zəhmət və torpaqla qurulmur, deyə əlavə edib:
“İnfrastruktur, iş imkanları, mədəniyyət və təhsil olmadan gəncləri sağlam, faydalı və perspektivli həyatla təmin etmək mümkün deyil. Əks halda kəndlər boşalacaq, gələcək isə təhlükə altına düşəcək.”
