Kəndin su problemi dərhal həll edildi

Milli Cəbhə Partiyasının başqan müavini, deputat Razi Nurullayevin köməkçisi Ehtiram Mehtiyev Sosdem.az-a bildirib ki, bu gün Ağcabədinin Qaradolaq kənd sakini, İkinci Qarabağ müharibəsi iştirakçısı Məmmədov Tural Rüstəm oğlu ona yaxınlaşaraq Prezident Administrasiyasının ünvanını soruşub.
MCP rəsmisi ünvanı göstərdikdən sonra vətəndaşdan bunun səbəbini öyrəndiyini və şikayətini dinləmək üçün onu partiya qərargahına dəvət etdiyini bildirib:
“Vətəndaş bildirdi ki, kənddəki əkin sahələri aylardır susuz qalıb, kənd təsərrüfatı ilə məşğul olan insanlar ciddi çətinlik çəkirlər. Bu, sadəcə bir nəfərin deyil, bütövlükdə kənd camaatının gündəlik dolanışığına, kənd təsərrüfatına böyük zərbə vurur”.
Deputat köməkçisi məsələni dərhal diqqətə götürüldüyünü qeyd edib:
“Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladım. Onlar məsələni izləyəcəklərini və lazımi addımlar atacaqlarını bildirdilər. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Toğrul müəllimlə danışdım. O da problemin qısa zamanda həll olunacağına söz verdi. Ümid edirik ki, kənd camaatının haqlı tələbi tezliklə öz həllini tapacaq, əkin sahələrinə su veriləcək”.
