Kəndli üçün ucuz kommunal, sərfəli ipoteka… – Deputatdan TƏKLİF

Əgər insan normal infrastrukturu, inkişafı, iş imkanlarını və gələcəyi kənddə görmürsə, təbii ki, şəhərə köçəcək. Üzərində işlədiyim layihə də məhz kənd yerlərində infrastrukturun, inkişafın və iş imkanlarının yaradılmasına xidmət edir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev hazırladığı “Kəndlərin inkişafı haqqında” qanun layihəsini, kəndlərdən şəhərlərə axının qarşısının alınması yollarını və kənd həyatının stimullaşdırılması təkliflərini şərh edərkən bildirib.
Gənclərin kənddə qalması infrastruktur
Millət vəkili kəndlərdə həyat standartlarının yüksəldilməsinin vacibliyinə diqqət çəkib:
“Əgər biz kənddə kənd təsərrüfatı, kiçik və yüngül sənaye, insanların sosial təminatı, təhsil və səhiyyə sahələrində inkişafa nail ola bilsək, gənclərin asudə vaxtının təşkili məsələlərini həll etsək, insanlar heç də şəhərə köçmək istəməzlər. Əvvəllər şəhərdə yaşamaq imtiyaz sayılırdısa, bu gün artıq şəhərdə yaşayanların çoxu kəndə köçmək arzusu ilə yaşayır. Kənddə yaşamaq böyük xoşbəxtlikdir, amma təbii ki, sosial təminat və qazanc imkanları olduğu halda”.
Kənd sakinləri üçün ucuz ipoteka
MCP başqanı kənd yerlərində məskunlaşmanı təşviq edəcək spesifik iqtisadi mexanizmləri təklif edib:
“Hazırladığım qanun layihəsində birinci növbədə işsizliyin aradan qaldırılması nəzərdə tutulur. Ən vacib məsələlərdən biri odur ki, kənddə kommunal xidmətlərin, məsələn, qazın qiyməti şəhərdəkindən daha aşağı olmalıdır. Bu, ciddi bir stimuldur. Bundan başqa, kənd sakinləri üçün kreditlərin faizləri düşürülməli, kənddə və rayonlarda ev tikmək istəyənlər üçün ipoteka şərtləri 2-3 dəfə asanlaşdırılmalıdır”.

Kəndə gedən mütəxəssislərə ikiqat əməkhaqqı
Parlamentari regional kadr axınının təmin olunması mexanizmlərini önə çəkərək fikirlərini yekunlaşdırıb:
“Kəndlərdə və rayonlarda fəaliyyət göstərmək istəyən həkimlərə, müəllimlərə və digər peşə sahiblərinə daha yüksək əməkhaqqı təyin olunmalıdır. Yalnız bu cür sosial-iqtisadi stimullar yaradılacağı təqdirdə kəndlərin boşalmasının qarşısını almaq, regionlarda məşğulluğu bərpa etmək və cəlbedici kənd həyatı modelini formalaşdırmaq mümkün olacaq”.