Xəbərlər

İtaliya ilə ittifaq Azərbaycanın Avropadakı strateji qələbəsidir… – MCP başqanı

“İtaliya Baş naziri Corciya Meloninin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr ölkəmizin Avropa geosiyasətindəki çəkisini bir daha nümayiş etdirir. Bu görüş sadəcə diplomatik protokol deyil, 2014 və 2020-ci illərdə imzalanmış strateji bəyannamələrin real həyatdakı təntənəsidir. Xüsusilə, Baş nazirin Ermənistan səfərindən dərhal sonra Bakıya gəlməsi Azərbaycanın regiondakı liderlik statusuna və dövlətimizə olan xüsusi hörmətin bariz göstəricisidir”.

Sosdem.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayev dövlət başçılarının görüşünü və imzalanmış strateji sənədlərin əhəmiyyətini şərh edərkən bildirib.

İqtisadi Suverenlik və Enerji Təhlükəsizliyi

Millət vəkili vurğulayır ki, İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması dövlət maraqlarımızın iqtisadi zəmanətidir:

“12 milyard dollarlıq ticarət dövriyyəsi və Azərbaycanın İtaliyanın neft-qaz təchizatında ikinci yer tutması ölkəmizin Avropanın enerji xəritəsindəki əvəzedilməz rolunu təsdiqləyir. TAP layihəsinin genişləndirilməsi hədəfi təkcə iqtisadi gəlir deyil, həm də Azərbaycanın siyasi təsir imkanlarının artması deməkdir. Dövlət Neft Fondunun İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyması isə Azərbaycanın artıq sadəcə resurs ixracatçısı deyil, həm də qlobal investor kimi çıxış etdiyini göstərir”.

Hərbi-Texniki Əməkdaşlıq və Milli Təhlükəsizlik

Deputat yeni əməkdaşlıq istiqaməti olan hərbi-texniki sahəyə də toxunub:

“İtaliya texnologiyaları ilə Azərbaycan maliyyəsinin birləşərək birgə hərbi istehsalın təşkili milli müdafiə sənayemiz üçün yeni bir eradır. Bu, ordumuzun modernləşdirilməsi və xarici asılılığın azaldılması baxımından strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, italyan şirkətlərinin azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 23 mühüm layihə icra etməsi bu bölgələrin beynəlxalq miqyasda sürətli bərpasına böyük dəstəkdir”.

Gələcəyə İnvestisiya: İtaliya-Azərbaycan Universiteti

Partiya liderinin fikrincə, münasibətlərin ən davamlı tərəfi humanitar sahədir:

“Bakıda açılan İtaliya-Azərbaycan Universiteti bizim gələcək kadr potensialımızı formalaşdırır. Orada təhsil alan 500-dən çox gənc sabahın peşəkar mütəxəssisləri və iki dövlət arasında mənəvi körpü rolunu oynayacaq elçilərdir. Dövlətçilik baxımından bu, münasibətlərin onilliklər boyu inamla davam edəcəyinə verilən ən böyük qarantiya və dostluğun sarsılmazlıq nümunəsidir”.

Bir cavab yazın

Back to top button