İstilik problemi hər qış özünü göstərir… – MCP rəsmisi

Ölkədə istilik sistemlərində də vəziyyət bərbad haldadır. “Azəristiliktəchizat” hər il qışa hazır olduqlarını desə də, soyuq havalar başlayan kimi sistemdəki çatışmazlıqlar dərhal özünü göstərir. Baxmayaraq ki, dövlət büdcəsindən bu sahəyə külli miqdarda vəsait ayrılır, problemlər olduğu kimi qalır. Qazanxanaların ciddi təmir edilməsi, istismar müddəti keçmiş hissələrin yenilənməsi bir yana, “Azəriqaz”ın borca görə qaz verilişini dayandırmasını heç cür başa düşmək olmur.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini Rafiq Daşdəmirli deyib.
“Kommunal Sektorda Ciddi İslahatlar Aparılmalıdır”
Partiya funksioneri mövcud çatışmazlıqların kökündə idarəetmə sistemindəki pərakəndəliyin dayandığını bildirib:
“Bu kimi problemlərin qaynaqlanmasının əsas səbəbi hələ də Azərbaycanda vahid kommunal xidmətin yaradılmamasıdır. Kommunal sektorda ciddi islahatlar getməyincə, qış aylarında istilik, qaz və işıqla bağlı ciddi problemlər hələ çox yaşanacaq. Azərbaycanda bütün kommunal xidmət sahələri bir agentlikdə birləşdirilməlidir. Bu qurum xidməti düzgün tənzimləməli və əhaliyə tələb olunan normada istilik verməlidir”.
“Rayonlarda Məcbur Qalıb Meşələri Qırırıq”
MCP rəsmisi regionlarda kommunal xidmətlərin tənzimlənməsindəki uzlaşmasızlığın əhali üçün yaratdığı çətinliklərə toxunub:
“Elektrikin verilişində problem yaranırsa, qazın təzyiqi artırılmalıdır. Amma bizdə proses əksinə gedir. Xüsusən də rayon yerlərində qar yağan kimi işığı kəsirlər. İşıq kəsiləndə isə avtomatik qazın da təzyiqi azalır və ya əksinə olur. Onda insanlar məcbur qalıb meşələri qırırlar. Meşə olmayan yerlərdə isə əhali uşaqlarının boğazından kəsərək baha qiymətə yanacaq almaq məcburiyyətində qalır”.

“Dövlət Kommunal Agentliyi Yaradılmalıdır”
Başqan müavini qurumlararası balansı təmin edəcək vahid modelin zəruriliyini vurğulayıb:
“Qaz kəsiləndə bütün yük elektrik enerjisinin üstünə düşür və bu dəfə də transformator yanır. Bütün kommunal xidmətlər vahid əldə birləşsə, belə anlaşılmazlıqlar yaranmaz. Bu xidmətlər ayrı-ayrı qurumlara tabe olduğu üçün əhali eziyyət çəkir. Bir çox ölkələrdə olduğu kimi Dövlət Kommunal Agentliyi yaradılmalıdır və enerji daşıyıcılarının paylanmasında balanslaşmanı məhz bu agentlik həyata keçirməlidir. Belə olarsa, ‘Azəristiliktəchizat’la ‘Azəriqaz’ kimi qurumlar borc davasına çıxmaz və əhaliyə verilən istilikdə də heç bir problem yaşanmaz”.