Xəbərlər

İsraili qardaş adlandırmağım emosional deyil… – Deputat

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev, son günlər sosial şəbəkələrdə və mediada onun keçmiş çıxışlarını hədəf alan ittihamlara münasibət bildirib. Millət vəkili ona qarşı aparılan fəaliyyəti “əsassız, qərəzli və planlı qarayaxma kampaniyası” adlandıraraq, fikirlərinin kontekstdən çıxarıldığını vurğulayıb.

Sosdem.az xəbər verir ki, Razi Nurullayev öz mövqeyini bir neçə fundamental məqamla izah edib:

“İsraili qardaş adlandırmağım emosional deyil, strateji yanaşma idi”

MCP başqanı bildirib ki, Qarabağ müharibəsi dövründə İsrail haqqında işlətdiyi ifadələr Azərbaycanın milli maraqlarına və həmin dövrün reallıqlarına söykənirdi:

“Azərbaycanda müxtəlif millətlərin, o cümlədən yəhudilərin sülh və qardaşlıq şəraitində yaşaması bir reallıqdır. Bu, nə şüar, nə də siyasi jestdir – cəmiyyətimizin dəyəridir. İsraili ‘qardaş’ adlandırmağım da bu kontekstdən irəli gəlirdi. Qarabağ müharibəsində bizim haqq işimizə dəstək verən, texnologiya və müdafiə sahəsində yanımızda olanı qiymətləndirmək bizim prinsipimizdir. Çətin gündə yanında olanı qiymətləndirmək nə zamandan bəri cinayət sayılıb?”

“Mülki insanların ölümü harada olmasından asılı olmayaraq bizi üzməlidir”

Deputat son hadisələr fonunda onun illər öncəki fikirlərini bu günlə qarşı-qarşıya qoyanları vicdansızlıqda ittiham edib:

“Mən heç vaxt mülki insanların məşəqqətini, bombalanmasını harada baş verməsindən asılı olmayaraq qəbul etməmişəm. Fələstində, Livanda, İranda və ya dünyanın istənilən yerində günahsız insanların həyatını itirməsi məni də dərindən üzür. Faktları təhrif edərək mənim əleyhimə istifadə etmək sadəcə manipulyasiya cəhdidir”.

“Bu, qarayaxma kampaniyasıdır!”

Deputat ona qarşı səsləndirilən ittihamların arxasında müəyyən məqsədlərin durduğunu qeyd edib:

“Mənim dediklərim aydındır. Azərbaycanın maraqlarını müdafiə etmək ayrı məsələdir, insan həyatına hörmət isə bundan da üstün dəyərdir. Bu ikisini qarşı-qarşıya qoymaq ya savadsızlıqdır, ya da qəsd. Mən dünən də Azərbaycanın maraqlarını müdafiə etmişəm, bu gün də edirəm. Bunu heç kimin sifarişi ilə dəyişən deyiləm”.

Bir cavab yazın

Back to top button