İslamı türklüklə qarşı-qarşıya qoymaq dövlətçiliyimizə qarşı təhlükədir… – Dinşünas

“Dini dəyərləri, xüsusilə də İslamı milli köklərlə və etnik ənənələrlə qarşı-qarşıya qoymaq nəinki elmi baxımdan yanlışdır, həm də dövlətçiliyimizə qarşı təhlükəli bir tendensiyadır. İslam coğrafiyamızda təsadüfən yaranmayıb; o, zamanın sosial-siyasi tələblərindən və tarixi zərurətdən doğan bir gerçəklikdir. Bu gün kimsə inancını dəyişməkdə azaddır, lakin 1500 illik möhtəşəm bir sivilizasiyanı, xalqları vahid mədəniyyət ətrafında birləşdirən böyük bir dini təhqir etməyə heç kəsin haqqı yoxdur”.
Bu fikirləri Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas Tural İrfan İslam dininin türk dünyasındakı tarixi missiyası və müasir çağırışlar barədə danışarkən bildirib.
Türk birliyinin mənəvi təməli: İslam faktoru
Ekspert təhlilinə görə, türk millətini birləşdirən amillər sırasında İslam dini strateji yer tutur:
“Əgər bu gün türk millətini birləşdirən ilk amil etnik soy birliyidirsə, ikincisi məhz İslamdır. Tarix boyu türkləri heç bir siyasi qurum və ya alyans İslam dini qədər vahid ideologiya ətrafında cəm edə bilməyib. Sovet dövrünün ən sərt illərində belə, məhz dini dəyərlər sayəsində ortaq mədəniyyətimizi qoruyub saxlamaq mümkün olmuşdur. İslamı türklüklə qarşı-qarşıya qoymaq bir parçalama cəhdidir. Türklər İslamı qəbul etməsəydilər, fərqli imperiyaların tərkibində müxtəlif inanclara sahib olub tamamilə yadlaşacaqdılar. Məhz İslamın ümmətçilik prinsipi türkü hətta digər xalqlara (məsələn, Sasanilərin varisi olan İrana) əsrlərlə hökmranlıq edəcək bir mənəvi güclə təmin etdi”.
Qarabağda yüksələn əzan və milli qürurumuz
İlahiyyatçı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdəki məscidlərin bərpası bizim dövlətçilik sərvətimizdir:
“Bu gün Qarabağda məscidlərin, kilsələrin bərpa olunması bizim tariximizin ayrılmaz hissəsidir. Ağdamda məscidimizə donuz salınması hər birimizi ağrıdırdısa, bu gün həmin minarələrdən yüksələn əzan səsi milli qürurumuzun təntənəsidir. Dövlət başçısının andiçmə mərasimində müqəddəs Qurana əl basması hər birimiz üçün fərəh mənbəyidir. İslamı beş-on nəfər ‘İran agenti’nin və ya cahil xurafatçının hərəkəti ilə ölçmək olmaz. Türkün İslamdakı siması söyüş söyən kütlə yox, ‘Şərqin ikinci müəllimi’ olan Fərabidir”.

Səlibçilik məfkurəsi və hədəfə alınan sədd
MCP rəsmisi vurğulayıb ki, dinin hədəfə alınması imperialist güclərin maraqlarına xidmət edir:
“Xarabalıq İslam dinində deyil, müsəlmanların özündədir. Bitə görə köynək yandırmazlar. Bir şəxs məsciddə cinayət edirsə, məscidi deyil, şəxsi cəzalandırmaq lazımdır. Imperialist güclər bu gün İslamı öz qarşılarında bir sədd, bir maneə kimi görürlər. Bu xalqları istismar etmək üçün ilk növbədə onları birləşdirən mənəvi dəyərləri dağıtmağa çalışırlar. Unutmaq olmaz ki, İslam türkün dünya mədəniyyət meydanına çıxardığı parlaq simaların və mütəfəkkirlərin beşiyidir”.