Xəbərlər

İslama görə orqan bağşlamaq olar? – Dinşünas

Qurana görə bir insana həyat bəxş etmək bütün bəşəriyyətə nicat verməkdir. Bir adamı öldürmək də bütün insanlığı öldürmək kimidir.

Sosdem.az xəbər verir ki, bu sözləri Sherg.az-a Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Turalı İrfan orqan bağışlanması ilə bağlı açıqlamasında deyib.

Dinşünas bildirib ki, bu meyarla da ehtiyacı olan, yaşamı üçün orqana möhtac olan adamlara başqasının öz orqanını bağışlaması məqbuldur:

“Lakin İslama görə adamın bilərək özünə zərər vurması, yaxud buna şərait yaratması doğru deyil. Sağ adam digər şəxsə orqan bağışlayıb özü şikəst olacaqsa, din buna yol vermir. Ölüdən orqan götürmək isə ya onun vəsiyyəti ya da vəlisinin, yəni varisinin izni ilə mümkündür. Əgər icazəsiz hansısa ölüdən orqan götürülsə, bu, oğurluq və qəsbdir. Adam sağlığında vəsiyyət edirsə ki, öldükdən sonra onun müəyyən orqanlarını götürüb istifadə etsinlər, burada da bir neçə diqqət olunası məqam var. Əvvəla, adam dəqiq bilməlidir ki, ondan götürülən orqan kimə və nə məqsədlə istifadə olunacaq. Habelə başqasına pulla satılmayacaq. Əgər pulla satılırsa, bu, orqan alveridir və din buna qarşıdır”.

Ekspertin sözlərinə görə, ölkəmizdə insanlar iki səbəbdən orqan bağışlamağa müsbət yanaşmır:

“Birincisi, uzun müddətdir xurafat və mövhumata mürtəkib olmuş dindar kütlə elə zənn edir ki, bu, birmənalı olaraq günahdır. Əvvəlcədən bildirim ki, bu, cahilanə yanaşmadır və şəriətdən məlumatsız qalmaqdan irəli gəlir. İkinci səbəb isə etibarın olmamasıdır. Məsələn, bəzən müəyyən günlərdə adamlar gedib sədəqə qan verirlər. Lakin elə vaxt olur ki, adamın özünə qan lazım olur, o zaman onu həddən artıq baha qiymətə almalı olur. Orqan bağışlanma məsələlərində də düşünür ki, mən orqanımı bağışlayacam, məndən sonra onu kiməsə pulla satacaqlar, yaxud əvəzində ondan ödəniş tələb edəcəklər. Lakin öz yaxınıma orqan lazım olsa, onda ona da eyni yanaşma olacaq. Yəni bir növ səhiyyəyə etibar, inam, ümid qalmayıb. Mənfi hallar o qədər qabarıq büruzə verir ki, insanlar həkimə yalnız əlacı kəsiləndə gedir. Şəffaflıq olarsa, bağışlamaq nəinki olar, hətta savabdır. Qeyri-şəffaflıq inamsızlıq yaradır, etimadı heçə endirir. Mən dəqiq bilsəm ki, mənim orqanımla bir yetim, məzlum, özüm kimi kasıb biri həyata qayıdacaq, əlbəttə bağışlayaram. Amma buna inamım, etibarım, etimadım yoxdursa, əsla etmərəm. Gərək səhiyyəmiz öncə cəmiyyətdə özünə inamı, etimadı doğrultsun ki, bizdə də camaat axın-axın gəlib öldükdən sonra orqanlarının istifadə edilməsinə razılıq versinlər”.

Bir cavab yazın

Back to top button