İslam dəyərlərini siyasi məqsədlər üçün alətə çevirən xarici maraqlar – İlahiyyatçı
İslam dininin, ümumiyyətlə səmavi dinlərin üç əsas özəl prinsipindən biri də əxlaq normalarıdır ki, bu bütün Peyğəmbərlərin gətirdiyi missiyada eyni olub, qorunub, təbliğ olunub. Əxlaqsız din yoxdur.
Bunu Milli Cəbhə Partiyasının başqan müavini, İlahiyyatçı Tural İrfan deyib. O, bildirib ki, dinin sosial tərəflərindən biri də ədəb, əxlaq, mərifət, mədəniyyət, davranış qaydaları, insani, mənəvi dəyərlərdir:
“Bu dəyərlərin hədəfi isə kamil insan, kamil bəndə olmaqdır. Ancaq İslam dəyərlərini siyasi məqsədlər üçün alətə, vasitəyə çevirən bəzi xarici maraqlar hədəflərinə çatmaq üçün dindən sui-istifadə edirlər. Təəssüf ki, ölkənizə də sirayət etmiş xarici maraqların icraçıları və ya onların təsirinə düşmüş kütlə İslamın təməli sayılan bu normaları tapdalamaqla məşğuldurlar. Xüsusən müasir texnologiyalardan istifadə etməklə din və dini dəyərlər haqqında mənfi fikir formalaşdırmağa cəhd edirlər. Belə ki, əsasən tiktok, feysbuk sosial şəbəkələrində Peyğəmbərin, onun həyat yoldaşının, Əhli Beyt İmamlarının, əshabələrin adlarına saxta və real profillər açaraq radikalizmi, xurafatçılığı, din adı ilə xarici siyasi maraqları təbliğ edirlər. Ən əsası isə elələrinə tənqidi yanaşan əhalimizin, cəmiyyətimizin bütün təbəqələrini də bu profillər vasitəsi ilə söyüb təhqir edir, təhdid və şantaj edirlər. Hətta o qədər irəli gediblər ki, Peyğəmbər və Əhli Beyt adına saxta hədislər uydurub etdikləri mənfur əməlləri onların adına bağlayırlar, dinin belə əmr etdiyini əsaslandırmağa çalışırlar. Din xadimləri, ilahiyyatçıların çoxu da qəbul edir və elə davranırlar ki, sanki belə olmalı imiş. Yəni, dinin, mənəvi dəyərlərin bu cür təhrif və təhqir olunmasına nəzərəçarpan etiraz görünmür. Qeyd etdiyim xaricdən idarə olunan şəbəkələr isə dövlət, dövlətçilik, dünyəvi quruluş əleyhinə təbliğat aparır, ölkənin dini, dünyəvi simalarını davamlı şəkildə təhqir edərək hədəfə gətirirlər. Hətta bu şəbəkələr bu metodla hədəflərindəki şəxsləri şantaj və böhtana məruz qoyaraq daha radikal formada xaricdəki sahiblərinin diqqətinə çatdırırlar, bir növü onlara subliminal mesaj ötürürlər”.
İlahiyyatçı bildirib ki, bu məsələ ilə aidiyyəti qurumlar, dövlər orqanları ciddi məşğul olmalıdır:
“Dövlətin din siyasətini, din və dövlət münasibətlərini korlamağa, qaralmağa, xarab etməyə yönəlmiş bu axın durdurulmalıdır. Xaricdə siyasi təlim görmüş, indi “ilahiyyatçı”, “ruhani” cildində fəaliyyət göstərən bir çox şəxslər hazırda sosial şəbəkələr vasitəsi ilə qeyd etdiyim mənfur fəaliyyət ilə məşğuldur. Dini, Əhli Beyti, Peyğəmbər irsini, İslam dəyərlərini xaricdəki liderlərinə siyasi xidmət yolunda alətə, qalxana, vasitəyə çevirən bu fiqurlar sanki bir mina olaraq ölkəmizə basdırılıb. Nə qədər ki, bu minaların yeri məlumdur, tədbir görülməlidir. Çünki bunun sonu terrora, daha ciddi təhdid yaradan proseslərə aparıb çıxara bilər.
Qeyd olunan “ruhani və ilahiyyatçıların” saxta profillərdən ibarət “ordusu” cəmiyyətin mötədil İslam inancına qarşı təhqir, söyüş, təhdid və ifiraları, şayiələr ilə mübarizə aparırlar. Vətənpərvər, dövlətçi din xadimlərini, ilahiyyatçıları hədəfə götürüb hətta hədələnəkdən belə çəkinmirlər. Bu qara kütlənin qarşısında mənəvi dəyərlərimizi sağlam şəkildə təbliğ etmək ciddi problemə çevrilib. Hesab edirəm ki, bu haqda mütəxəssislərin də iştirakı ilə vaxtında iş aparılmalıdır”.