Xəbərlər

Kapitalizm varlını canavara, kasıbı yemə çevirir… – Ekspert

“İslah olunmayan vəhşi kapitalizm bazarı istismar alətinə çevirərək varlıları canavara, kasıbları isə yemə çevirir; cəmiyyətdəki dərin sosial problemlərin kökündə isə təkcə pul azlığı yox, mənəvi və psixoloji böhran dayanır”.

Bu barədə Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı-ekspert Tural İrfan bildirib.

MCP rəsmisi qeyd edib ki, cəmiyyətin dövlətdən daim maddiyyat və uşaqpulu ummasının səbəbi sosial nizamın pozulması və insanların həm maddi, həm də mənəvi baxımdan ac olmasıdır. Onun sözlərinə görə, bazar iqtisadiyyatı insan talelərinə alver prizmasından yanaşmaq demək deyil:

“Ailə cinayətləri, boşanmalar, məktəblilərin kriminala meyli, işsizlik və az maaşlar insanları maddi qayğıların ağuşuna elə atıb ki, mənəviyyata fürsət qalmayıb. Ac qarına kitabxanaya getmək, kredit borcu olanın teatra getməsi real deyil. Hətta İslam hüququna görə ac adamın namaz qılması məkruhdur – çünki fikri yeməyin yanında qalan insan Yaradan haqqında düşünə bilməz. Şair həm şeir yazıb, həm də küçədə kitab satmalı deyil”.

Dinşünas vurğulayıb ki, ölkədə paylaşmaq və bölüşmək ənənəsi yoxa çıxıb, imkanlı şəxslər gələcəyə güvənmədikləri üçün pula həddindən artıq bağlanıblar. Ekspert problemlərin həlli üçün quru nəzəriyyələrdən uzaq, kompleks və praqmatik yanaşma tələb edib:

“Bərəkət ərşə çəkilib, varlılar xərcləmək, paylaşmaq istəmir. Sanki imkanlılar hesab edir ki, dara düşsələr onları yalnız çoxlu pul xilas edə bilər, ona görə də pula Allah qədər bağlanıb cəmiyyəti düşünmürlər. Sosial sahə təkcə pul, maaş, müavinət demək deyil. Bunun mənəvi, psixoloji, kulturoloji yönləri var və maddi problemlərin kökündə də məhz bu durur. Məsələyə kompleks şəkildə praqmatik yanaşmaq lazımdır, quru, nəzəri yanaşma problemi həll etmir”.

Bir cavab yazın

Back to top button