İranla İsraili hansı tellər bağlayır? – ŞƏRH

“Bu gün fars molla rejiminin propaqandasının təsirinə düşənlər Türkiyə və Azərbaycanı İsraillə ticari əlaqələrdə günahlandırmağa cəhd edirlər. Amma bunu bilmək lazımdır ki, Türkiyə İsrailin indiyəcən törətdiklərinə qarşı ən ciddi etirazını göstərən, Fələstini və xalqını real dəstəkləyən dövlətdir. Əgər bu gün Fələstin əhalisinin ən azı yarısı sağdırsa, torpağı da tam olaraq işğal olunmayıbsa bu, Türkiyənin sayəsindədir. Azərbaycan da dəfələrlə rəsmən bəyan edib ki, müstəqil Fələstin dövlətinin yaranmasını dəstəkləyir”.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan deyib.
“Ancaq bizi ittiham edənlər gəlin görək nə edib: 1967-ci ildə ərəb dövlətləri ilə məşhur 6 günlük müharibədən sonra İsrailə neft embarqosu qoyulanda İran yeganə müsəlman dövləti idi ki, İsrailə neft satırdı.
Şah zamanında 6 mart 1950-ci ildə İran İsraili rəsmən dövlət olaraq tanıyıb. 20 gündən sonra İsrailə təyin olunmuş səfir Rza Səfini etimadnaməsini İsrail prezidentinə təqdim edib. 3 ay sonra, yeni paytaxt elan edilən Qüdsdə İsrail dövlətinin tarixində ilk dəfə bu səfirə qarşılama qonaqlığı verilib. Bu qərarlar veriləndə hakimiyyətə etiraz olaraq heç bir xalq kütləsinin etirazı, nümayişi, piketi qeydə alınmayıb.
Yom Kuppur müharibəsi zamanı İran İsrailə 25 ədəd “Fantom” qırıcıları verib.
Deyilə bilər ki, o dövr şah zamanı idi.
İsrail, İranda inqilab baş verəndən sonra 1979-cu il mart referendumunun nəticələrinin legitimliyini tanıyaraq İranla münasibətləri qoruyub saxlamaqda iddialı olduğunu göstərdi.
İran-İraq müharibəsi başlayan kimi İsrail İrana ABŞ-la danışıqlarda vasitəçilik etməyə başladı. İrana ABŞ-nin hərbi-texniki dəstəyi lazım idi. İsrail də eyni zamanda güclənən İraq dövlətini zəiflədərək, ərəb koalisiyasını dağıtmaq üçün ABŞ-nin İrana hərbi yardım etməsi üçün konqresdə lobbiçilik etdi və bu ərəfələrdə ABŞ İranın əsas silah tədarükçüsü oldu.
1979-cu ildə İranda inqilabdan sonra rejimin kəşfiyyat və təhlükəsizlik qurumları İsrailli mütəxəssislərin iştirakı ilə qurulub. Çünki Şah zamanındakı SAVAK təşkilatı ilə MOSSADın qarışılıqlı əlaqələri və sıx münasibətləri vardı. Şübhəsiz ki, İranda rejim dəyişsə də gizli təşkilatların gizli üzvləri yenə də qarşılıqlı mübadiləyə davam edirdilər. Molla rejiminin başqa mütəxəsis və kadr potensialı yox idi. İraq – İran savaşında İsrail “İslam respublikası” na rəsmi olaraq 3 milyard dollarlıq yardım etmişdi, 500 milyon dollarlıq silah satmışdı. Gizli və çox sıx əlaqələr hətta ABŞ-nin İrana yardımlarına vasitəçilik etməyə də yetirdi. İran demək olar ki, Səddam Hüseynin qabağında İsrail və ABŞ-nin silahları ilə davam gətirə bilmişdi.
İran-İraq savaşı zamanı İraqın nüvə obyektlərini də İsrail bombalayıb sıradan çıxarmışdı İrana dəstək olaraq.
Orta Şərqdə İsrail işğallarına dolayı yolla şərait yaradıb münbit zəmin hazırlayan fars molla rejiminin agentura şəbəkəsi indi Türkiyə və Azərbaycanı İsraillə münasibətlərdə hansı üzlə ittiham edir?
Fars molla rejimi proksi qüvvələrin əli ilə İsraili hücuma təhrik edərək Fələstin xalqının soyqırımına şərait yaratmaqdan savayı hansı iş görüb?”, – ekspert bildirib.

Son savaşlarda 100 minə yaxın insanın həyatını itirdiyini vurğulayan politoloq əlavə edib ki, tərəfləri qızışdırıb qırdırmaq, müharibəni daha da alovlandırmaq İsrailə sərf edir.
“Bu missiyanı da molla rejimi məharətlə ifa edir. Əks halda İran İsrailə hansı zərəri vurub? Görüntü üçün əvvəlcədən xəbərdar edərək dronlar göndərib, nəticədə yanacaqdoldurma məntəqələrinin birinin üstündən uçan bir quşun qanadını yaralanıb.
Amma Fələstinə hansı zərəri vurub? Həması təhrik etməklə minlərlə günahsızın məhvinə, ölkənin tarimar olmasına səbəb olub.
Türkiyə və Azərbaycan isə problemin müharibə ilə deyil, sivil qaydada, siyasi yolla, fəqət Fələstin dövlətinin yaranması sayəsində həll olunmasının tərəfdarıdır. Savaşın qızışmasının, yenidən qan tökülməsinin deyil, danışıqların, sülhün tərəfdarıdır.
Suriyanı qan gölünə döndərənlərin biri də molla rejimi idi. İndi İsrail Suriyanı vurur. Əsədin isə lap zəif zamanında belə İsrail ona toxunmadı, Suriyaya daxil olmadı. Çünki o və ona dəstək verən fars rejimi rəsmi Tələvivin maraqlarına bəzən nisbətən, bəzən də tam cavab verirdi. İndi isə durum dəyişib, Türkiyə faktoru var deyə həm İran, həm də İsrail Türkiyəni Suriyadan çıxarmaq istəyir. Amma buna nail ola bilməyəcəklər”, – politoloq qeyd edib.
Siyasis şərhçi həmçinin Azərbaycana qarşı bəzilərinin haqsız ittihamlarının əsasız və anormal olduğunu vurğulayaraq, bildirib ki, Qarabağ savaşı zamanı Ermənistanın yanında olanlar Azərbaycanın adını belə çəkməyə xəcalət çəkməlidirlər, nəinki onu nədəsə ittiham etmək.