İranın sınağı: islahat, yoxsa çöküş? – Politoloq

Mövcud iqtisadi vəziyyət, İran reallığında milli valyutanın dollar qarşısında kəskin ucuzlaşması, hiperinflyasiya, xarici təsirlər və xüsusilə sanksiyalar artıq genişmiqyaslı etirazların formalaşmasına gətirib çıxarıb.
Sosdem.az xəbər verir ki, bunu Moderator.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, İranda baş verən hazırkı etiraz aksiyaları əvvəlki etiraz dalğalarından tamamilə fərqlidir:
“Etirazların ölkənin demək olar ki, 60 faizini əhatə etməsi proseslərin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir. Bu aksiyalarda zorakılıq hallarının geniş şəkildə müşahidə olunması diqqətdən kənarda qalmamalıdır. Xüsusilə etirazçıların silahdan istifadə etməsi, dövlət binalarının və məscidlərin yandırılması faktları aksiyaların hakimiyyətə və mövcud rejimə qarşı ciddi aqressiya ilə müşayiət olunduğunu göstərir.
Mövcud vəziyyəti yaradan əsas səbəb kimi İranın hazırkı dini rejiminin vaxtında heç bir islahat aparmaması göstərilir. Prezident Pezeşkian bu təhlükələr barədə öncədən xəbərdarlıq etsə də, mühafizəkar dairələrin proseslərin bu istiqamətə gəlməsinə şərait yaratdığı qeyd olunur”.
Ekspertin fikrincə, hazırda baş verənlər artıq əvvəlki etiraz aksiyalarına bənzəmir və rejim də bunu anlayır:
“ABŞ və İsrail İranda rejim dəyişikliyinə çalışır və İran hakimiyyəti də mövcud vəziyyətin əvvəlki etirazlardan fərqli olduğunu dərk edir. İranın beynəlxalq vəziyyəti xeyli pisləşib, regionda geosiyasi durum tamamilə onun əleyhinə dəyişib, Yaxın Şərqdə təsir imkanları sıxışdırılıb və faktiki olaraq məğlubiyyət mərhələsinə daxil olub. Bütün bunların fonunda İran hazırda öz daxili problemləri ilə ciddi şəkildə çalxalanır və mövcud rejim artıq öz taleyi barədə düşünməyə məcburdur”.

Politoloq hesab edir ki, əgər İranın mövcud rejimi hakimiyyətin əsas yükünü hökumətə və prezident institutuna ötürməsə, prezident üsul-idarəsinə keçid etməsə, rejimin çökməsi real ehtimal olaraq qalır:
“Proseslər məhz bu istiqamətdə inkişaf edir. Xamneyinin son açıqlamaları da göstərir ki, hakimiyyət geri çəkilmək niyyətində deyil. Əgər rejim islahatlardan imtina edərsə, ABŞ-ın İrana qarşı müəyyən hərbi əməliyyatlara əl atması ehtimalı da gündəmdədir.
Hazırkı daxili və regional şəraitdə qarşıdan gələn dövr İran üçün olduqca həlledici görünür. Mövcud proseslərin inkişafı göstərir ki, ölkə ciddi siyasi seçim qarşısındadır. Rejim ya idarəetmədə əsaslı dəyişikliklərə getməli, ya da daxili böhranla yanaşı xarici təzyiqlərin də artdığı daha mürəkkəb və təhlükəli mərhələyə qədəm qoymalı olacaq. Baş verənlər İranın siyasi gələcəyinin məhz bu mərhələdə formalaşacağını deməyə əsas verir”.