Xəbərlər

İranın “Qırmızı Xətti”: Trampın 4 tələbi – Ekspert

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir dönəmdə ABŞ və İran arasında hərbi toqquşma riskləri yenidən dünya gündəminin mərkəzinə çevrilib.

Mövcud vəziyyəti Sosdem.az-a şərh edən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Vaşinqton İrana qarşı həm siyasi, həm də hərbi təzyiq rıçaqlarını mərhələli şəkildə işə salır və bu siyasət artıq İran daxilində ciddi etiraz dalğasına zəmin yaradıb.

Politoloqun fikrincə, ABŞ-ın hərbi müdaxilədən yayınmaq üçün Tehran qarşısında qoyduğu şərtlər kifayət qədər sərtdir və birbaşa ölkənin hərbi-strateji sütunlarını hədəf alır:

“Amerika tərəfi israrla tələb edir ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını tamamilə təhvil versin və nüvə proqramından qəti şəkildə imtina etsin. Bununla yanaşı, Tehrandan ballistik raket sistemlərini minimum səviyyəyə endirmək və regiondakı proksi qüvvələrinə verdiyi dəstəyi kəsmək tələb olunur. Hətta bu tələblərin siyahısına ölkədə struktur islahatlarının aparılması da daxil edilib. Lakin İranın bu şərtlərin hamısını birdəfəyə qəbul edəcəyi inandırıcı görünmür. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da qeyd etdiyi kimi, bu, yalnız mərhələli şəkildə həyata keçirilə biləcək bir prosesdir və hazırda danışıqlar məhz bu müstəvidə aparılır. Əgər İran tərəfi bu şərtləri qəbul etməzsə, hərbi əməliyyatların başlaması tamamilə realdır. Çünki Tehran rəhbərliyi hələ ki prinsipial mövqeyindən geri çəkilməyərək müqavimət göstərməkdə davam edir”.

Ekspert vurğulayıb ki, tərəflər arasında ortaq məxrəc tapılmasa, region böyük bir müharibənin astanasında olacaq:

“İranın daxili iqtisadi vəziyyəti də xarici təzyiqlər qarşısında olduqca zəifləyib. Rialın sürətlə dəyərdən düşməsi və ölkədə tüğyan edən yüksək inflyasiya əhalinin sosial durumunu dözülməz həddə çatdırıb. Belə bir ağır iqtisadi şəraitdə ABŞ və İsraillə başlaya biləcək mümkün müharibə İran iqtisadiyyatının tamamilə çökməsi ilə nəticələnə bilər. Bu səbəbdən İran rəhbərliyi, tam olmasa da, bəzi fundamental tələbləri qəbul etmək məcburiyyətindədir. Bu gərginliyin azaldılmasında və danışıqların müsbət yekunlaşmasında isə Türkiyə əsas vasitəçi ölkə kimi mühüm rol oynaya bilər”.

Bir cavab yazın

Back to top button