İranın bütövlüyü ABŞ üçün prioritet deyil… – Politoloq

ABŞ nəyin bahasına olursa-olsun, İranı nəzarət altına almaq məcburiyyətindədir. Hətta müharibə dayansa belə, İranın indiki xəritəsinin saxlanılması yalnız müvəqqəti xarakter daşıyacaq.
Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Analitik vurğulayıb ki, ABŞ-nin bu müharibəyə sürüklənməsi ilə bağlı müxtəlif kuluar məlumatları mövcuddur:
“ABŞ-nin İrana qarşı müharibəni İsrailin və yəhudi lobbisinin təzyiqi ilə başladığı deyilir. Hətta bu prosesin ‘Epştein dosyesi’ vasitəsilə Donald Trampın şantaj edilməsindən irəli gəldiyi də bildirilir. Lakin proseslər onu göstərdi ki, hətta İsrail ABŞ-ı bu addıma sövq etmiş olsa da, İranın nümayiş etdirdiyi hərbi potensial və müdafiədən hücuma keçmə taktikası dünya üçün gözlənilməz effekt verdi. Bu reallıq İranı cilovlamaq üçün Trampın hərəkətlərinə faktiki olaraq haqq qazandırmış olur”.
Politoloqun fikrincə, Tehranın uzaqmənzilli raket imkanları NATO-nun toxunulmazlıq simvollarını hədəfə alıb:
“İranın 4000 km məsafədən Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasına raket hücumu onun gələcək taleyinə ciddi təsir edəcək. Bu baza İraqı, Əfqanıstanı və Suriyanı viran qoyan gücün simvoludur. Bu hücum İranı hərbi güc kimi diktə edən tərəfə çevirdi. Artıq İranın belə hərbi imkanlarla sərbəst buraxılacağı böyük şübhə doğurur. ABŞ-ın quru əməliyyatına başlayaraq ilk növbədə neft ixracının logistik mərkəzi olan Xark adasını tutmağı planlaşdırdığı bildirilir”.

MCP rəsmisi qeyd edib ki, artıq Vaşinqton üçün İranın ərazi bütövlüyü prioriteti masadan qalxıb:
“Bu müharibəyə qədər ABŞ üçün İranın bütövlüyü prioritet olsa da, hazırda bu ölkənin ram edilməsinin mürəkkəbliyi ABŞ-ı həmin prinsiplərdən imtinaya sövq edir. Teokratik rejimin dəyişdirilməsi, ölkənin regionlara parçalanması və ən əsası Hörmüz boğazının İranın əlindən çıxarılması planlarının startına şübhə yoxdur. Minimum hədəf – nüvə proqramından imtina, rejimin dəyişdirilməsi və Hörmüzün nəzarətə götürülməsidir. Bu, ABŞ-ni ‘Vyetnam’ və ‘Əfqanıstan’ məğlubiyyəti sindromundan xilas edə biləcək yeganə yoldur”.