İranın Azərbaycana qarşı siyasəti dəyişməyəcək – ŞƏRH

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra təbii ki, ikitərəfli münasibətlərdə müəyyən istilik hiss oluna bilər. Ancaq, geniş mənada və perespektivdə İran-Azərbaycan münasibətlərində əhəmiyyətli irəliləyiş qətiyyən mümkün deyil. Sözsüz ki, ikitərəfli son nəticə tarixi, siyasi, etnik yanaşmaya əsaslanır.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
Ekspert rejiminin etnik azərbaycanlı Məsud Pezeşkianı prezident seçməsində hədəflərinin bəlli olduğunu deyib.
“İrana qarşı uzun sürən beynəlxalq təzyiqlər fonunda və mümkün hücumların müzakirə edildiyi bir dövrdə Pezeşkianın Azərbaycana səfəri məhz İran rejiminin qorunması üçün Azərbaycanın imkanlarından istifadə etmək və İran daxilində Cənubi Azərbaycan faktorunu zərərsizləşdirməkdir. Həm də, İran fars rejimi Azərbaycan Respublikasında (Şimali Azərbaycan) yaratdığı və arxalandığı cəsus şəbəkəsinin ifşasından və silahlı qruplaşmalarının məhv edilməsindən sonra, Azərbaycanın müəyyən etimadını, etibarını qazanmaq üçün azərbaycanlı-türk prezident faktorunun təsirini hesab götürüb”, – şərhçi bildirib.

Siyasi ekspert qeyd edib ki, Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İsrail tərəfindən çox ciddi iqtisadi, siyasi təzyiqlərə məruz qalması və İrana hərbi müdaxilənin reallığı, Cənub qonşumuzu Azərbaycan vasitəsi ilə təhlükəsizliyini təmin etmək üçün hərəkətə məcbur edib.
“Məlumdur ki, ABŞ, İsrail və Azərbaycan arasında üçtərəfli strateji müttəfiqlik barədə danışıqlar gedir. İran prezidenti Pezeşkianın Bakıya səfərindən sonra, yaxın günlərdə də İsrail baş naziri Benyamin Netanyahunun Bakıya səfəri təbii ki, bir-birinə bağlı və həlledici səfərlərdir.
Heç şübhəsiz ki, İran Azərbaycan vasitəsi ilə “fars rejimi”nin təhlükəsizliyinə nail olduqdan sonra, daha doğrusu ABŞ və İsrail tərəfindən ciddi hücumlardan yayındıqdan sonra, Azərbaycana qarşı müəyyən mənada zəifləmiş aqressiv siyasətinə, ritorikasına yenidən start verəcək. Hərçənd ki, İranın nəinki ictimai, hətta bəzi siyasi elita nümayəndələri tərəfindən Azərbaycana qarşı düşmən mövqeyi, çıxışları indi də davam edir”, – siyasi şərhçi bildirib.