Xəbərlər

İranda real qərarları SEPAH komandirləri verir… – Politoloq

İranın konstitusion sistemində son söz ali rəhbərə məxsusdur. Hazırda bu vəzifəni Müctəba Xamenei tutur. Hökumətin işini və diplomatiyanı prezident Məsud Pezeşkianın komandası aparır, lakin xüsusilə müharibə və təhlükəsizlik məsələlərində SEPAH və ona bağlı hərbi-siyasi elitanın təsiri həlledici olaraq qalır. Buna görə də ABŞ üçün əsas problem danışıqlar masasında kimin oturması deyil, həmin şəxslərin əldə etdiyi razılaşmanı Tehrandakı bütün güc mərkəzlərinə qəbul etdirə bilib-bilməməsidir.

Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Məhəmməd Əsədullazadə İrandakı mövcud siyasi hakimiyyət strukturunu və Vaşinqton-Tehran təmaslarındakı maneələri şərh edərkən bildirib.

Ekspert Tehranda dəyişən idarəetmə dinamikasına və hərbi elitanın artan çəkisinə diqqət çəkib:

“ABŞ vitse-prezidenti Cey Di Vens də əslində bu problemi qeyd edir. Hazırkı vəziyyətdə ‘İranda qərarları yalnız prezident verir’ demək doğru olmaz. Əksinə, 2026-cı ilin fevralında ali lider Əli Xameneinin öldürülməsindən sonra İranda qərarvermə mexanizmi əvvəlki dövrlə müqayisədə daha çox kollektiv və hərbi-təhlükəsizlik elitasının təsiri altında formalaşıb. ‘Reuters’ agentliyinin də son təhlillərinə görə, yeni ali rəhbər Müctəba Xamenei formal olaraq sistemin zirvəsində qalsa da, müharibə şəraitində real qərarların mühüm hissəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirlərinin çəkisi artıb. Onlar isə radikal barışmaz mövqedədirlər və Vaşinqtonu çətin vəziyyətlə üz-üzə qoyan məqamlardan biri də budur”.

MCP rəsmisi Pezeşkian hökumətinin diplomatik imkanlarının SEPAH tərəfindən məhdudlaşdırıldığını vurğulayaraq fikirlərini yekunlaşdırıb:

“Pezeşkian prezident kimi hökumətə, iqtisadiyyat və büdcə siyasətinə, diplomatik fəaliyyətə rəhbərlik edir. O, ABŞ ilə danışıqlara açıq mövqeyi ilə də ön plana çıxır. Lakin hərbi və təhlükəsizlik elitasının, xüsusən də SEPAH-ın təsiri onun xarici və təhlükəsizlik siyasətində manevr imkanlarını məhdudlaşdırır. Yəni Pezeşkian və Əraqçi Vaşinqtonla danışıqlar aparmaq səlahiyyətinə malikdir, lakin onların verdiyi vədlərin Tehranın bütün güc mərkəzləri tərəfindən qəbul ediləcəyinə ABŞ əmin deyil. Ali Milli Təhlükəsizlik Şurası isə qərarların koordinasiya olunduğu əsas institutlardan biridir və hazırda xüsusi əhəmiyyət daşıyır”.

Bir cavab yazın

Back to top button