İran və Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər? – ŞƏRH

ABŞ prezidenti Trampın təşəbbüs və iştirakı ilə Vaşinqtonda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması, dəhlizin 99 il müddətinə ABŞ şirkətinin nəzarətinə verilməsinə rəsmi şəkildə qəti etiraz edən təkcə İran oldu.
Hələ Vaşinqtonda görüşə qədər İran və Rusiyanın razılaşmalara etiraz edəcəyinin ehtimalı yüksək idi. Rusiya XİN-nin sözcüsü Mariya Zaxarova Ermənistan Azərbaycan liderlərinin Vaşinqton görüşünə və razılaşmalara özündə narazılıq hiss etdirən yumuşaq reaksiya verdi. İranın isə müharibə hədəsi artıq diplomatik etirazdan çox kənara çıxdı.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Vüqar Dadaşov deyib.
İran rəsmisi Əli Əkbər Vilayəti Zəngəzur dəhlizinə qarşı, “İran Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcək. Biz bunu ya Rusiya ilə, ya da təkbaşına edəcəyik”, deyib. Vilayəti əlavə edib ki, Azərbaycanla Naxçıvan arasında keçidi təmin etmək üçün dəhlizə ehtiyac yoxdur və bu məsələ Rusiyanın iştirakı ilə də müzakirə olunmalıdır.
Şübhə yoxdur ki, İran və Rusiya koordinasiyalı şəkildə çıxış edir. Rusiyanın “narazılıq hiss etdirən yumuşaq reaksiya”sı təbii ki, Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün Kremlə verdiyi 10 günlük müddətin bitməsi və Donald-Putin görüşündə müsbət atmosfer yaratmaq niyyətindən irəli gəlir. Ancaq, bu dəqiqdir ki, Tramp-Putin görüşü Rusiyanı qane etməsə Moskvanın Ermənistanda Paşinyan hakimiyyətinə qarşı ciddi təxribatlarını, dövlət çevrilişinə.cəhdlırini görə bilərik, – politoloq bildirib.

Başqan müavini qeyd edib ki, Tehranın “Tramp yoluna” qəti etirazının ənənəvi ritorikadan kənara çıxması, İranın yenidən vurulma ehtimalını artırır.
“İranın Zəngəzur dəhlizinə real hərbi müdaxiləsi olarsa hansı ki, ehtimalı çox aşağıdır, NATO üzvü kimi Türkiyənin də konfliktə qarışması qaçılmaz olur. Əlavə olaraq isə Şuşa Bəyannaməsi də Türkiyənin Azərbaycanın yanında olmasını şərtləndirir”, – ekspert deyib.
İranın “… bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək”, açıqlamasına Rusiyanın münasibətinə gəldikdə isə şərhçi bildirib ki, ümumiyyətlə Moskvanın belə məsələdə Tehranın yanında açıq yer alması mümkünsüzdür.
“Bu, bütün NATO-nun müharibəyə müdaxiləsinə səbəb olar. Nəticə isə nə Rusiya və nə də İran üçün arzuolunan deyil”, – şərhçi əlavə edib.