İran-İsrail ideologiyası süqut edəcək – ŞƏRH

İran molla rejiminin süqutu yaxındır. Bunu təkcə siyasi analizlər demir, eyni zamanda dini mətnlərdən çıxan nəticələr də göstərir. Rejimin həmməzhəbi olan, lakin siyasi, ideoloji müxalifləri sayılmış türk əsilli ayətullahlar Əbülqasim Xoi, əllamə Təbatəbai, M. Kazım Şəriətmədari, fars əsilli əllamə Burqui, Hüseynəli Müntəziri, ərəb əsilli İraq ayətullahı Sadiq Sədr və başqaları hətta rejim qurulanda bu qənaətə gəliblər ki, məlum quruluş 50 ilə çatmadan məhv olmağa məhkumdur. Onlar bunu həm siyasi həm də dini, ideoloji yöndən izah ediblər.
Bu rejimi Allahın, dinin, Quranın hətta Əhli Beytin əleyhinə olan, Qərbin aləti kimi xarakterizə ediblər. Sərt sirkə qabını çatlatdığı kimi İran rejimi də özü öz qabını çatlatdı. Bütün məzhəbçi teokratik quruluşlar ya islahat aparıb dünyaya qaynayıb-qarışmalı ya da çökməyə məhkumdur. Bunu tarix də sübut edir.
Bunu Sosdem.az-a açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, dinşünas, siyasi şərhçi Tural İrfan deyib.
İsrailə gəldikdə isə ekspert bildirib ki, onların aqibəti daha mürəkkəb görünür:
“Təhrif olunmuş dini, ideoloji inanc əsasında qurulmuş, gələcəyə də bu ideyalar əsasında baxan bu quruluşa da İran rejiminin bir ayrı forması kimi yanaşmaq olar. “Vəd edilmiş torpaqlar” məsələsi bir inancdır ki, bunun əsaslarını dini mətnlərindən götürüblər. “Böyük İsrail”, seçilmiş xalq ideologiyası dini-etnik ayrıseçkilik zəminində dünya üçün nüvə silahından daha təhlükəli problem yaratmaqdadır. Uzaq gələcəyə hesablanmış proqramda başqa insanları kölələşdirmək nəzərdə tutulur.
İsrailin qurulmasının ikinci qırx ili 3 il sonra tamam olur. Bəni İsrailin 40 il Tih səhrasında sərgərdan dolaşması dini mətnlərdə əksini tapıb. 1948-ci ildən 1988-ci ilə qədər olan birinci 40 il quruluş, kök atma prosesidir. İkinci 40 ili isə planlarını həyata keçirmək üçün dünyada tam səfərbər olması mərhələsidir. Dini mətnlərdən çıxan nəticəyə görə 2028-ci ildən sərgərdan dolaşma mərhələsi başlayacaq…
Filosof, sosioloq alim İbn Xaldun yazırdı ki, insanlar uşaqlıq, yeniyetməlik, gənclik, qocalıq və ölüm mərhələlərini keçdiyi kimi dövlətlər də bunu keçirlər. Hər bir dövlət də yaşayır, qocalır yaxud xəstələnir sonra da ölür. İnsan da belədir. Kim başqalarına qarşı mütəmadi olaraq təcavüzkar olur, cinayət törədir, digərlərinin malına, namusuna əl qoyursa ya həbs olunur ya da özü xarakterdə olan başqası tərəfindən məhv edilir. Quruluşlar, rejimlər, dövlətlər də belədir”.

Politoloqun sözlərinə görə, İran və İsrailin quruluş, dünyaya baxış sistemləri, amalları dini ideoloji əsaslara dayandığı üçün çox oxşardır:
“Biri Meşaxın, digəri isə Mehdinin zühuru üçün maksimum qan tökməyi zəruri hesab edir. Biri armagedon digəri isə qiyamət savaşına hazırlaşır. İkisi də təhrif olunmuş dini mətnlər üzərindən ideoloji siyasi sistem qurub ki, bu bəşəriyyət üçün nüvə silahından daha təhlükəlidir. Hələ ki, ilahi iradə bu ikisini üz-üzə qoyub silkələyir. İlahi mətnlərdə o da qeyd olunur ki, küfrlə bərbad olmayan zülmlə bərbad olar. Zülm, qan, təcavüz üzərində qurulan heç bir quruluş əbədi olmayıb.
İran rejimi islah olmayıb dünyaya baxış bucağını dəyişməyərək hazırki aqibətlə üzləşdiyi kimi İsrailin də eyni aqibətlə üzləşəcəyi şübhəsizdir. Fələstin, Suriya, Livan, İordaniya, İraq, Misir və nəhayətdə də Türkiyə torpaqlarını ələ keçirib “vəd edilmiş torpaqlar” adı ilə “Böyük İsrail” yaratmaq uğrunda qurulan bu zərərli plan sonda Türkiyə və Çin tərəfindən iflas ediləcək. ABŞ-nin iki il ərzində ştatları arasında gərginlik yaranaraq parçalanmasına gətirəcək. Zəifləyən ABŞ-nin yerini Çin və Türkiyə tutacaq.
İran isə İraq kimi federasiyalara bölünəcək. Kürdüstan, Azərbaycan və Tehran mərkəzli Farsistan fəaliyyət göstərəcək. Əgər İran və İsrailin dövlət ideolojisi təhrif edilmiş dini mətnlər üzərindən bərqərardırsa bu deyilənlər isə həqiqi və təhrif edilməmiş müqəddəs yazıların ruhundan qaynaqlanır. Zaman səbrin dərmanıdır!”.